BAKI, 5 iyun — Sputnik. İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını davam etdirməsi yəhudi dövlətinin bu dəfə Livanla yeni hərbi qarşıdurma mənbəyinin yaranması riskini yaradır. Bununla belə, Təl-Əvivin Qəzza zolağındakı suveren olmayan dövlətlə əməliyyatlarından fərqli olaraq, bir çox Qərb müttəfiqləri olan Livanla müharibə İsrail üçün çox baha başa gələ bilər.
İsrailin şimalı alovlara qərq olub
İsrailin Qəzzaya qarşı hərbi əməliyyatının lap əvvəlindən Livan münaqişədə tərəfdar olub – "Hizbullah" İsrail ərazisinə zərbələr endirməklə fələstinlilərə fəal dəstək verib. Qəzzada əməliyyatı Rəfah şəhərinə qədər genişləndirən İsrail "Hizbullah"ın daha intensiv zərbələrinə məruz qalmağa başlayıb və nəticədə ölkənin şimal bölgələrində şiddətli yanğınlar başlayıb.
İsrail Yanğınsöndürmə və Xilasetmə Xidmətinin məlumatına görə, təkcə ötən ay İsrailin şimal bölgələrinin atəşə tutulması nəticəsində 170-ə yaxın yanğın baş verib ki, bu da təbiət qoruqları da daxil olmaqla, min hektardan çox ərazinin yanmasına səbəb olub. Yanğınlar nəticəsində mülki əhali arasında da itkilər olduğu bildirilir.
Buna cavab olaraq İsrail rəsmiləri "bütün Livanı yandırmağa" çağırıblar, xəbər agentlikləri isə bu ay Təl-Əvivin Livana qarşı genişmiqyaslı müharibəyə başlayacağına dair xəbərlərlə doludur.
İsrail hərbçiləri
© AFP 2024 / JACK GUEZ
Livan xəbərdar edilib və silahlanıb
Yaxın Şərqdə diplomatik fəaliyyətindəki aktivliyini nəzərə alsaq, İsrailin Livana qarşı müharibəyə başlamağı ciddi şəkildə düşündüyü qərarına gəlmək mümkündür. Belə ki, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri həftənin əvvəlində Livana səfər edib. Burada o, "Hizbullah" lideri Həsən Nəsrullah, Livanın baş naziri Nəcib Mikati və xarici işlər naziri Abdullah Bu Həbib ilə bir sıra mühüm görüşlər keçirib.
Ərəb mediası istisna etmir ki, Livandakı görüşlər zamanı Beyrutun İsrailin hərbi əməliyyatlarına reaksiyasının mümkün variantları müzakirə olunub.
Bundan əlavə, Livanın "Əl-Əxbar" qəzeti yazır ki, ölkə rəsmiləri Qərb kəşfiyyatı və diplomatlarından İsrailin Livana hücuma hazırlaşdığına dair çoxsaylı siqnallar alıblar.
Qəzet yazıb ki, "Ancaq ən diqqətəlayiq mesajlar, İsrailin hücumunun tarixini iyunun ortalarında təyin edən Britaniya tərəfdən gəlib, İsrailin hərbi əməliyyatının nə qədər davam edəcəyi məlum olmadığı üçün müvafiq tədbirlər görülməsi tövsiyə olunub".
İsrail hərbçiləri
© AFP 2024 / JALAA MAREY
Bundan əlavə, tanınmış livanlı siyasətçi Valid Canbulat Dohaya son səfəri zamanı Qətərin İsrailin Livana qarşı əməliyyat keçirmək niyyəti ilə bağlı narahatlığını eşitdiyini bildirib.
"Əl-Əxbar", həmçinin bildirib ki, ABŞ Prezidenti Co Bayden İsrailin Qəzzada müharibəni dayandırmaq və İsrail ilə HƏMAS arasında əsir mübadiləsi sazişi bağlamaq təklifini açıqlamadan əvvəl Livan parlamentinin sədri Nəbih Berriyə Baydenin baş müşaviri Amos Hoxşteyn zəng edib.
Onların arasındakı söhbət 40 dəqiqəyə yaxın davam edib və qəzet hesab edir ki, müzakirə olunan mövzular arasında İsrailin Livana mümkün hücumu məsələsi də olub. Yəni, istisna olunmur ki, Hoxşteyn HƏMAS-ın sülh planını qəbul etməsi məsələsində Beyruta təzyiq göstərməyə çalışıb və ondan imtina etməsi Livana yeni müharibə bahasına başa gələ bilər.
Üçüncü Livan müharibəsini gözləməliyikmi?
Tarix artıq iki Livan-İsrail müharibəsini xatırlayı. Bu müharibələrdən sonuncusu 2007-ci ilin iyulundan avqustuna qədər davam edib. Daha sonra İsrail ordusu ölkənin cənubunda "Hizbullah"a qarşı genişmiqyaslı əməliyyata başlayıb və nəticədə hər iki tərəfdən əksəriyyəti mülki şəxslər olmaqla 2000-ə yaxın insan həlak olub.
Həmin vaxt İsrailin bütün Livanda infrastruktur obyektlərinə zərbələr endirməsi ölkədə ciddi iqtisadi böhrana və 2,5 milyard dollar ziyana səbəb olmuşdu. Eyni zamanda, İsrail "Hizbullah"ın ölkədəki mövqelərini zəiflədə bilsə də, müharibə hakim "Kadima" partiyasının və onun lideri Ehud Olmertin reytinqlərinin aşağı düşməsinə səbəb oldu.
İsrail hərbçiləri
© AP Photo / Bernat Armangue
Lakin bu dəfə, əgər İsrail Livana qarşı əməliyyata başlasa, yəhudi dövləti kifayət qədər ağır nəticələrlə üzləşə bilər. Belə ki, Qəzza zolağında ağır döyüşlər aparan İsrail ordusunun yeni cəbhə üçün kifayət qədər hərbi personalı və silahı olmaya bilər. Bundan əlavə, bu, TSAXAL-ın Qəzza zolağındakı mövqeyini zəiflədə bilər. Demək olar ki, hər gün girovların geri qaytarılmasını tələb edərək etiraz aksiyaları keçirən İsrail xalqı isə oğurlanmış vətəndaşların geri qaytarılması məsələsində hərəkətsizliyə görə hökumətə daha da qəzəblənə bilər.
Bununla belə, vəziyyətin xilas şansı var - HƏMAS və Təl-Əviv atəşkəs haqqında razılığa gəlsələr, "Hizbullah" İsrail ərazisinə hücumu dayandıracaq və bu halda yeni müharibənin qarşısını almaq olar. Amma HƏMAS və "Hizbullah"ın ritorikasına qulaq assanız, belə görünür ki, "Fələstin müqaviməti" adlanan qrup güzəştə getmək niyyətində deyil və İsrailin hərbi əməliyyatını genişləndirməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.