CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qadınların pensiya yaşı artırılır

"Əmək pensiyaları haqqında" qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Azərbaycanda qadınların pensiya yaşı artırılır. Bu ilin iyulun 1-dən qadınların pensiya yaşı daha 6 ay artırılaraq 64 yaş olacaq. Hazırda kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı isə 63 il 6 aydır.
Qeyd edək ki, Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında" qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq.
"Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda pensiyaçıların sayı illik müqayisədə 1,6 faiz azalaraq 1 096 000 nəfər olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
İqtisadçı-ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a deyib ki, son statistik məlumatlara əsasən, ölkədə pensiya alan şəxslərin sayında azalma müşahidə edilir:
"Pensiyaçıların sayının azalmasının bir neçə səbəbi var. Birincisi, qeyri-qanuni yolla pensiya alan şəxslərin bu hüquqdan məhrum edilməsidir. İkincisi, pensiya yaşının mütəmadi olaraq qaldırılmasıdır. Bu, pensiyaçıların artmasına mənfi təsir göstərir".
Eldəniz Əmirov, arxiv

"Növbəti illərdə pensiyaçıların sayında artımlar yüksək olmaya bilər. Amma 2028-ci ildən başlayaraq ölkədə pensiyaçıların sayında artımlar müşahidə edə biləcəyik. Çünki 2027-ci ildə pensiya yaşının artımı bitəcək" - ekspert əlavə edib.

Əlavə edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.