BAKI, 5 iyun — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daşıyıcılara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verib. Bu barədə Sputnik Azərbaycan-ın Bakı və Abşeronda sərnişindaşıma ilə məşğul olan bir sıra marşrutlarda sərinləndirmə qurğularının qoşulmadığı ilə bağlı sorğusuna AYNA-dan verilmiş cavabda bildirilib.
Qeyd edək ki, bir neçə gündür havanın temperaturunun yüksəlməsinə baxmayaraq hazırda Bakı və Bakıətrafında sərnişindaşıma ilə məşğul olan avtobusların çoxunda sərinləndirmə sistemləri qoşulmur. Sərnişinlər Sputnik Azərbaycan-a bildiriblər ki, 199, 18, 133 saylı avtobuslarda kondisioner olsa da, sürücülər kondisioneri yandırmırlar. Onların sözlərinə görə, sürücülərdən havanın temperaturunun yüksək olduğundan sərinləndirmə qurğusunun qoşulmasını tələb etdikdə isə sürücülər buna daşıyıcının icazə vermədiyini bildirirlər. Səbəb kimi isə sərinləndirmə sistemlərinin qoşulmasına iyunun 15-dən başlanılacağını əsas gətiriblər.
Halbuki, BakuBusa məxsus avtobuslarda iyun ayının 1-dən etibarən sərinləndirmə qurğuları işə salınıb.
Sərnişinlər bəzi avtobuslarda isə illərdir sərinləndirmə sistemlərinin olmadığından, yayda əziyyət çəkdiklərindən də şikayətlənirlər. Onların sözlərinə görə, 179, 147, 592, 165, 108B, 53, 120, 40, 41, 100, 525, 142 və digər sərnişin avtobuslarında sərinləndirmə qurğuları ümumiyyətlə yoxdur. Sərnişin sıxlığını olduğu bu xətlər üzrə avtobuslarda sərnişinlər yayda qapısı açıq şəraitdə gedib-gəldiklərini bildirirlər.
AYNA-dan isə sorğumuza cavabda bildirilib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Yay mövsümündə sərnişinlərin çimərlik ərazilərinə və istirahət zonalarına (bağ sahələrinə) daşınmasında fasiləsizliyin təmin edilməsi məqsədilə marşrutlar üzrə avtobus saylarının tənzimlənməsi tapşırığı verilib.
Cavabda o da qeyd olunub ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb.
Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.
Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir.
İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur.
Respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydaları müsabiqəyə təqdim olunur. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər.
Sərnişindaşıma sahəsində nəzərdə tutulan ən mühüm yeniliklərdən biri komfortlu və müasir elektrik avtobuslarının sərnişinlərin istifadəsinə verilməsidir. Ölkəmizdə ətraf mühitə zərər vurmayan ekoloji avtobusların gətirilməsi prioritet məsələlərdəndir. Bir müddət əvvəl Bakıda müasir sərnişindaşıma tələblərinə tam cavab verən elektrik mühərrikli avtobuslar marşrut xəttinə buraxılıb. Elektrik avtobusların ölkəyə gətirilməsi, eləcə də istehsalı nəzərdə tutulub.