BAKI, 4 iyun — Sputnik. İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək iyun konfransı anti-Rusiya tədbiri olmamalıdır.
"RİA Novosti" ilə söhbətində isveçrəli ekspert və Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) direktoru Tomas Qreminqer belə bir açıqlama verib.
Onun fikrincə, bu konfransda uğur qazanmaq üçün üç vəzifəni yerinə yetirmək lazımdır.
Birinci vəzifə bütün iştirakçıları əhatə edəcək və müxtəlif sülh planlarını açıq formatda təqdim etməyə imkan verəcək bir platforma yaratmaqdır.
İkinci vəzifə üç konkret mövzunu müzakirə etməkdir: humanitar məsələlər, ərzaq təhlükəsizliyi, nüvə təhlükəsizliyi, həmçinin bu sahələrdə fikirlərin inkişafı. Üçüncü vəzifə uzunmüddətli bir prosesə başlamaq və növbəti addımları müəyyənləşdirməkdir.
Qreminqer, onu da qeyd edib ki, konfransda ölkələrin nümayəndəliyinin səviyyəsini şərh etmək hələ tezdir, çünki vəziyyət dəyişə bilər.
Bundan əvvəl Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək Ukrayna konfransının başlamazdan əvvəl uğursuz olduğu barədə fikirlərini bildirmişdi.