BAKI, 3 iyun — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Sevastopolda Qara dəniz donanmasının hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün yaradılmış kəşfiyyat qrupunu aşkarlayıb. Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
"Federal Təhlükəsizlik Xidməti Sevastopol şəhərində Rusiya Qara Dəniz Donanmasının hərbi qulluqçularına, eləcə də bölgədəki hərbi, nəqliyyat və enerji infrastruktur obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün yaradılmış Ukrayna xüsusi xidmət orqanlarının agent qrupunu aşkar edib. Təhlükəsizlik orqanları Zaporojye vilayəti ərazisində Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin beş agentini saxlayıblar" - məlumatda qeyd edilib.
Əvvəllər onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.1 (partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz saxlanması) maddəsi ilə məhkum ediliblər. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım Respublikası və Sevastopol şəhəri üzrə İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) cinayət işi açıb.
FTX qeyd edib ki, partlayıcı qurğular və silahlar agentlər tərəfindən Ukrayna ərazisindən poçt, avtobus nəqliyyatı ilə gətirilib və gizli yerlərə yerləşdirilib. Anbarların koordinatları olan fotoşəkillər Ukrayna kuratorlarına göndərilib, onlar daha sonra icraçılara konkret təxribat və ya terror aktı həyata keçirmək üçün tapşırıqlar veriblər.
"Gələcək təxribat və terror aktlarının bütün iştirakçıları bir-birini tanımırdılar. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidməti öz agentlərinin təhlükəsizliyinə əmin idilər, lakin Rusiya FTX onların terror hücumlarının qarşısını almağa imkan verən fəaliyyətlərə tam nəzarət edirdi" - qeyd olunub.
Axtarışlar zamanı üzərindən istifadəyə hazır 3 ədəd silah, Böyük Britaniya istehsalı olan ümumi çəkisi təxminən 5 kq təşkil edən plastik partlayıcılar, 600 qram trotil, hərbi təyinatlı elektrik detonatorları, partlayıcı qurğuların işə salınması üçün radio ilə idarə olunan aktuatorlar aşkar edilib. Hazırda Ukrayna kəşfiyyatçılarını ömürlük həbsə qədər cəza gözləyir.