BAKI, 3 iyun — Sputnik. Məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə qəbul üçün müsahibə mərhələsinə start verilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə qəbul üçün test imtahanı mərhələsindən uğurla keçmiş 177 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsi 3-6 iyun tarixlərində keçiriləcək. Müsahibələrin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu mərhələdə namizədlərə ünsiyyət və təqdimetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir.
Qeyd edək ki, bağça müdirlərinin işə qəbulu prosesi mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilir, bütün namizədlərə bərabər imkanlar yaradılır.