CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni media subyektlərinin yaradılması dövlət qurumlarının nəyinə lazımdır?

Adı dövlət qurumları ilə birgə çəkilən media strukturların yaradılması cəmiyyətdə birmənalı qarşılanmır.
Sputnik
BAKI, 31 may — Sputnik. Azərbaycanda dövlət qurumlarının media subyektləri yaratma tendensiyası müşahidə olunur və buna maraq artmaqdadır. Son aylarda iki dövlət qurumunun – birinin təbşəbbüsü, digərinin isə tərəfdaşlığı ilə yeni media strukturları ortaya çıxıb.
Son məlumata görə, Səhiyyə Nazirliyinin tərəfdaşlığı ilə "Sağlam Radio" 93.0 FM tezliyində yayımlanmaqla iyunun 3-dən fəaliyyətə başlayır.
Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, radioda həftə içi beş gün saat 08:00-dan 10:00-dək "Sağlam səhər", saat 18:00-dan 20:00-dək "Sağlam həyat" verilişləri efirdə olacaq. Verilişlərdə Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri sağlamlığın qorunması, sağlam qidalanma, sağlam həyat tərzinin formalaşdırılması kimi elmi əsaslara söykənən tibbi məlumatlar verəcəklər.
Qeyd olunur ki, "Sağlam Radio"nun başlıca məqsədi əhalinin sağlamlığının qorunmasını, sağlam qidalanmanı və aktiv həyat tərzini təşviq etməkdir.
Xatırladaq ki, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihəsi olan internet televiziyası – DOST TV fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnternet televiziyasının əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları üzrə verilişlər, xəbərlər yayımlamaqla, izləyici suallarının birbaşa cavablandırılmasını da təmin edəcəyi bildirilir.
Adı dövlət qurumları ilə birgə çəkilən media strukturların yaradılması cəmiyyətdə birmənalı qarşılanmır. Qeyd edilir ki, qurumlar belə layihələrə maliyyə sərf etməkdəndənsə, səlahiyyətləri çərçivəsində həllini gözləyən məsələlərlə məşğul olsalar, daha yaxşı olar. Məsələn, jurnalist Ülkər Abdullayevanın fikrincə, dövlət qurumları öz fəaliyyətləri barədə ictimaiyyəti məlumatlandırmağa borcludurlar. Bunun üçün əvvəllər müvafiq press-relizlərin, bülletenlərin yayımı nəzərdə tutulurdu. Üstəlik, rəsmi Azərbaycan Televiziya və Radiosu, Azərtac Dövlət İnformasiya Agentliyi dövlət qurumlarının fəaliyyətləri barədə ictimaiyyəti məlumatlandırmaq funksiyasını yerinə yetirirdilər.
Jurnalist Ülkər Abdullayeva
"Bu indi də davam edir. İndi həm də bütün dövlət qurumlarının rəsmi internet saytları, sosial media və şəbəkə hesabları var ki, onlar vasitəsilə əhalini informasiya ilə tam təmin edə bilirlər. Dövlət qurumlarının dövlətin vəsaitləri hesabına əlavə təbliğat vasitələri yaratması ona görə neqativ reaksiya doğurur ki, alternativ qurumlar yaratmaq, əlavə ştatlar açmaq heç də həmişə yaxşı işlərə vəsilə olmur. Azərbaycan praktikası göstərir ki, alternativlər yeyinti yerinə, büdcədən əlavə vəsaitlərin silinməsinə gətirib çıxarır" - jurnalist deyib.
Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov Sputnik Azərbaycan-a bildirib ki, bizdə dövlət qurumları yerüstü və fm yayımına çıxa bilməzlər, qanunvericilik buna məhdudiyyət qoyur:
"Sağlam Radio"nun təsisçisi Səhiyyə Nazirliyi deyil və nazirlik müvafiq "Sağlam Media" MMC ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət icra edir. Bu, Səhiyyə Nazirliyinin özünün "fm"ə sahib olması demək deyil. "Sağlam Media" MMC müxtəlif şirkətlərin də iştirakçı olduğu tender müsabiqəsinin qalibi olub. Biz onların kontentinin nə olacağından xəbərdarıq. Təbii olaraq, kontentə görə, həmin qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində işləməlidirlər. Amma bu, müxtəlif dövlət qurumlarının radio, televiziya yaratması kimi qəbul edilməməlidir. Əgər hansısa qurum "YouTube" üzərində internet kanalı yaradıb işlədirsə, bu onların tam daxili işidir və biz ona müdaxilə edə bilmərik. Lisenziya məsələsi ortaya çıxsa, biz müdaxilə edə bilərik. "Media haqqında" qanunda bu məhdudiyyət var. Həmin qanuna görə, yayımçılar yalnız öz istəkləri ilə lisenziya alıb şəbəkələrini genişləndirə bilərlər".
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
Bakı Dövlət Universitetinin professoru, media eksperti Qulu Məhərrəmli bildirir ki, dünya praktikasında dövlət və hökumət qurumlarının kütləvi informasiya vasitəsi yaratmaq hüquqları yoxdur:
"Başqa ölkələrdə dövlət qurumunun hansısa qəzet, televiziya yaradıb özünü reklam etməsi kimi bir şey yoxdur. ABŞ-da qanunla belə bir şey qadağandır. Çünki belə olanda dövlət qurumları ictimaiyyətdə öz fəaliyyətləri ilə bağlı yanlış təsəvvürlər yaradırlar. Amma hansısa nazirlik və ya qurum öz daxilində öz strukturları üçün sayt, yaxud qəzet yarada bilər. Onlar kütləvi media sayılmır. Əgər sən tibbə aid məlumatlar yaymaq istəyirsənsə, bu yaxşıdır, yox qurumların fəaliyyətini tərifləyirsənsə, təbliğat aparırsansa, bu, çox pisdir".
Qulu Məhərrəmli qeyd edir ki, bu cür media qurumlarının uzunömürlü olacağına inanmır:
"Çünki onların istehsal etdikləri məhsul üçün kütləvi auditoriya olmayanda ona maraq azalır. Bir müddət fəaliyyət göstərir, sonra isə mövzu və deməyə sözləri bitir. Azərbaycanda ixtisaslaşmış kanallar var və hesab edirəm ki, onlar yaxşı da fəaliyyət göstərirlər. Bizdə dövlət qərarlarını, hökuməti təbliğ edən çox az struktur var. Bu istiqamətdə "ASAN radio" yaranıb və hesab edirəm ki, o, özünü doğruldub. Bu radio dövlət qərarlarının yayımlanması, təbliği, izah olunması ilə bağlı çox faydalı işlər görür. Amma sırf kütləyə təsir etmək, bir nazirliyin işini tərifləmək, onu qabartmaq üçün KİV yaradırsansa, bu, özünü doğrultmur".
Ekspert əlavə edib ki, Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı yanaşma açıqdır, qanunda problemlər var. Amma əlbəttə ki, hər şeyi məqsəd müəyyən edir.
"Hesab edirəm ki, əlavə media qurumları yaratmaqdansa, Nazirliyin saytında həm yazılı, həm də audiovizual materiallarla məlumatları çatdırmaq olar. Nazirlik media qurumu yaradıb kütləviliyə iddialıdırsa, məqsədlər və vəzifələr haçalanır" - Q.Məhərrəmli deyib.