İQTİSADİYYAT

Keçən il Azərbaycanda əhalinin gəlirləri 78.1 milyard manat olub - Komitə sədri

Ötən ilin dövlət büdcəsinin gəlirləri 35,2 milyard manat, təsdiq olunmuş proqnoza qarşı 4,0 faiz çox, dövlət büdcəsinin xərcləri 36,4 milyard manat, təsdiq olunmuş proqnoza qarşı 0,5 faiz az olub.
Sputnik
BAKI, 31 may — Sputnik. Milli Məclisin iclasında "Azərbaycanın 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2023-cü il ölkə tarixində tarixi uğurlarla yadda qalıb: "Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən tədbirlərdə Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib. Ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qazanılan qələbələrin təmin olunmasında iqtisadi və maliyyə çevikliyi müstəsna rola malikdir".
Əhalinin nominal gəlirləri 78.1 milyard manat təşkil edib
T.Mirkişili diqqətə çatdırıb ki, 2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub, iqtisadiyyatda artım izlənilib, bu artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib: "Ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı 123 milyard manat təşkil edib. Adambaşına düşən ÜDM real ifadədə 0.5% artaraq 12.1 min manat olub. Qeyri-neft-qaz sektoru üzrə real artım tempi 3.7%, neft-qaz sektoru üzrə real artım tempi 1.7% müşahidə olunub. Neftin qiyməti 2023-cü ilin büdcə zərfində 60 dollardan götürülsə də, "Azerilight" neftinin bir barelinin orta illik qiyməti 86.1 dollar olub. Əhalinin nominal gəlirləri 12.8% artaraq 78.1 milyard manat təşkil edib. Hesabat ilində ixrac 27.6 milyard dollar, idxal 17.3 milyard dollar, müsbət saldo 10.3 milyard dollar olub. Məcmu valyuta ehtiyatları 17.1% artaraq 68.5 milyard dollara çatıb".
Azad edilmiş ərazilərə ayrılan 4.8 milyard manat vəsait tam icra edilib
Komitə sədri qeyd edib ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35,2 milyard manat, təsdiq olunmuş proqnoza qarşı 4,0 faiz çox, dövlət büdcəsinin xərcləri 36,4 milyard manat, təsdiq olunmuş proqnoza qarşı 0,5 faiz az və dövlət büdcəsinin kəsiri 1,2 milyard manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,3 faiz az olub. Hesablama Palatası tərəfindən dövlət büdcəsi gəlirlərinin 97.8%-ni, xərclərinin isə 85.5%-ni əhatə edən vəsaitlərin qurumlar tərəfindən təqdim edilən hesabatlarla üzləşməsi aparılıb. İşğaldan azad edilmiş ərazilər üçün ayrılan 4.8 milyard manat vəsait tam icra edilib".
Qanun layihəsinin müzakirəsi davam etdirilir.