CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM taksi sürücülərinin imtahanına nə vaxtdan başlayacaq? Rəsmi cavab

Hazırda taksi sürücülərinə xüsusi hazırlığın təşkili və keçirilməsi AYNA-nın Təlim-Tədris Mərkəzi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.
Sputnik
BAKI, 31 may — Sputnik. Taksi sürücülərinə hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, qiymətləndirmənin nəticələrinə dair sənədin forması, qiymətləndirmənin aparılmasına görə haqqın məbləği təsdiq edildikdən sonra xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın taksi sürücülərinin imtahanlarının DİM tərəfindən təşkili ilə bağlı sorğusuna cavabda bildirilib.
Qeyd edək ki, Azərbaycanda taksi sürücülərindən imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) götürəcək. Bu barədə dünən AZƏRTAC-a müsahibəsində DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlama verib. O, bildirib ki, qanunvericiliyə edilmiş dəyişikliyə görə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 7 il müddətinə qüvvədə olan sənəd təqdim ediləcək. Hazırda qeyd edilən imtahanların keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanı ilə danışıqlar aparılır və imtahanın yay aylarında keçirilməsi nəzərdə tutulur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
AYNA-ya ünvanladığımız sorğuya cavabda qeyd olunub ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili və beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair təsdiq olunmuş proqram üzrə hazırlığa dair xüsusi hazırlıq keçirlər. Xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir. Proqramın yekununda imtahan təşkil edilir və xüsusi hazırlığın nəticələrinə dair aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, qiymətləndirmənin nəticələrinə dair sənədin forması, qiymətləndirmənin aparılmasına görə haqqın məbləği təsdiq edildikdən sonra xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
Taksi sürücüləri isə imtahanlar DİM tərəfindən təşkil olunarsa sualların daha da qəlizləşdiriləcəyindən narahatdırlar.
"Taksi fəaliyyəti göstərmək üçün üç gün günortaya qədər təlimlərdə iştirak etdim. Bir müddət əvvəl özəl kursların birində nəzəriyyədən imtahan verdim. İmtahan sualları elə də asan deyildi. Sualların çoxu tibbə aid idi. Digər qismi taksi sürücülərinin etik davranış qaydaları və bu sahədə normativ hüquqi aktlarla bağlı idi. Bir gün isə "yezda" imtahanında iştirak etdim. Nəzəriyyə imtahandan kəsilənlər də vardı. Onları qınamıram, əgər savadları varsa niyə taksi sürücüsü işləyirlər ki? Elə taksi sürücüsü yar ki, yazmaq-oxumaq bilmir, bəziləri təzə əlifbada oxuya bilmir. Onların sualları öyrənib imtahan verməsi çətin olur. İndi isə imtahanı Dövlət İmtahan Mərkəzi götürəcək. Bizim fikrimizcə, imtahanlar daha da çətinləşəcək" taksi sürücüsü İsrafil Məmmədov Sputnik Azərbaycan-a söyləyib. Bildirib ki, bütün taksi sürücüləri 76 manat rüsum ödədikdən sonra Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində təlim keçirlər. Bundan sonra "Uniser Təlim-Tədris Mərkəzi "ndə imtahan verirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar və "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklər dövlət tərəfindən bu sahədə ciddi tənzimləmələrin nəzərdə tutulduğunu göstərir.
Elməddin Muradlı
"Bunlardan biri də taksi sürücülərinin imtahandan keçirilməsidir. Yaxın aylardan bu imtahanların DİM tərəfindən keçirilməsi nəzərdə tutulur. Artıq DİM tərəfindən bu istiqamətdə işlərə başlanılıb. Bu ali məktəblərə qəbul imtahanları səviyyəsində imtahanlar deyil. Sadəcə olaraq sərnişindaşıma ilə bağlı taksi sürücülərinə uyğun şəkildə imtahanlar təşkil ediləcək. Sərnişindaşıma sahəsində vacib elementlərdən kənar suallar imtahana salınmayacaq. Ona görə də bundan narahat olmağa dəyməz" Elməddin Muradlı bildirib.
Ekspert deyir ki, imtahandan keçməyən sürücülər taksi fəaliyyət göstərə bilməyəcəklər. Bu sənədi alan sürücülər isə 7 il müddətində taksi xidməti ilə məşğul olacaqlar.
"Düzdür taksi sürücüləri bu qədər tələbkarlıqla razı olmaya bilərlər. Amma taksi sahəsində bir xaos hökm sürür. Bu xaosu aradan qaldırmaq üçün də bu proseslər həyata keçirilməlidir" ekspert əlavə edib.
Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov da bildirib ki, taksi sürücülərinin imtahan edilməsi qanunvericiliyin tələbidir. O, burada mürəkkəb imtahandan, akademik biliklərin yoxlanılmasından söhbət getmədiyini bildirib.
Onun sözlərinə görə, "Avtomobil nəqliyyatı haqqında" Qanunda hələ 2015-ci ildən kommersiya məqsədli yük və sərnişin daşıyan avtomobil nəqliyyatı sürücüləri (yəni avtobus sürücüləri, yük avtomobili sürücüləri və taksi sürücüləri) bu işə başlamaq üçün xüsusi hazırlıq keçməsi ilə bağlı müddəa var.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
"Hazırlığın nəticəsində onlara sənəd vermək üçün qiymətləndirmə, yəni öyrəndiklərinin yoxlanılması keçirilməlidir. Qiymətləndirmədən uğurla keçənlərə bu barədə sənəd verilməlidir. Xüsusi hazırlıq və qiymətləndirmənin də predmeti və proqramı çox sadədir: bu sürücülərin peşə fəaliyyətinə və etik davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən qanunvericiliyə dair zəruri biliklər. Xüsusi hazırliğı AYNA təşkil etməlidir. 14 iyul 2023-cü ildə (yəni təxminən 1 il əvvəl) edilən dəyişikliyə əsasən, qiymətləndirməni DİM həyata keçirməlidir. DİM-in bu işi həyata keçirməsinin qaydası, şərtləri və s. yəqin ki, yaxın vaxtlarda bəlli olacaq və yoxlamalar həyata keçiriləcək" Ərşad Hüseynov bildirib.
O, əlavə edib ki, indiyədək belə hazırlığı keçən və hazırlıqdan sonra AYNA tərəfindən yoxlamadan keçən sürücülər bunun mahiyyətini yaxşı bilirlər: "Çox sadə mövzulardan və buna uyğun qiymətləndirmədən söhbət gedir. Həmin məsələləri 5-ci sinif şagirdi səviyyəsində dünya görüşü olan hər kəs asanlıqla məniməsəyə bilər. Yəni xüsusi ajiotajlıq bir şey yoxdur və gözlənilmir".