İQTİSADİYYAT

Azərbaycanda ikirəqəmli inflyasiya təkrəqəmli inflyasiya ilə əvəzlənib

Hesablama Palatasının sədri deyib ki, 2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub, iqtisadiyyatda artım izlənib.
Sputnik
BAKI, 31 may — Sputnik. Milli Məclisdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycanın 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyini təqdim edib.
V.Gülməmmədov bildirib ki, 2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub, iqtisadiyyatda artım izlənib, bu artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib:
"Neft-qaz qiymətlərinin illik müqayisədə azalması iqtisadiyyatın makrobloklarında nominal artım templərinin zəifləməsi ilə nəticələnib. Baxılan dövr ərzində inflyasiyanın qlobal miqyasda zəifləməsi idxal kanalları vasitəsilə Azərbaycana da təsir edib və ikirəqəmli inflyasiya təkrəqəmli inflyasiya ilə əvəzlənib. Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də məcmu tələbin artımının hərəkətverici qüvvəsi istehlak olub, bununla yanaşı, investisiyalar da iqtisadi artıma öz töhfəsini verib. Hesabat ilində də profisitli tədiyə balansı qeydə alınıb, ehtiyat aktivlərində artım neft-qaz sektoru hesabına təmin olunub. Neft-qaz ixracından fərqli olaraq qeyri-neft-qaz sektoru üzrə ixrac həcmində artım izlənib".
O bildirib ki, 2023-cü ildə keçirilmiş 96 valyuta hərracında 3,8 milyard ABŞ dolları satılıb, bu məbləğ əvvəlki ilə nisbətən 1,3 milyard ABŞ dolları az olub. Əksər valyuta hərraclarında təklif tələbi üstələyib.
ÜDM və qeyri-neft-qaz ÜDM-i real ifadədə artıb
V.Gülməmmədov qeyd edib ki, 2023-cü il dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş məlumatlar həm müddət, həm də əhatə dairəsi baxımından demək olar ki, qanunvericiliyin tələblərinə uyğun şəkildə təqdim olunub, qanun layihəsi və illik hesabatda tələb olunan məlumatlar əsasən əks etdirilib. Dövlət büdcəsinin icrasına dair illik hesabatda xərclərin əhəmiyyətli hissəsi əsaslı xərclərdən ibarət olub.
Vurğulanıb ki, hesabat ilində əlverişli makroiqtisadi şəraitin qeydə alınması dövlət büdcəsinin gəlirlərinin həm əvvəlki illə, həm də proqnozla müqayisədə yüksək icrası ilə nəticələnib:
"Əvvəlki ilə nisbətən ÜDM-in, o cümlədən qeyri-neft-qaz ÜDM-nin real ifadədə artması, iqtisadi aktivliyi stimullaşdıran birrəqəmli inflyasiyanın qeydə alınması, neft-qaz qiymətlərinin proqnozla müqayisədə yüksək icrası, idxal həcminin, o cümlədən idxal rüsumuna cəlb olunan idxalın həcminin yüksəlməsi və digər faktorlar dövlət büdcəsi gəlirlərinin artıqlaması ilə icrasına töhfə verib. Müvafiq istiqamətdə bəzi uyğunsuzluqların aradan qaldırılması fonunda 2023-cü ildə əvvəlki ildə gəlir kimi tanınmış bəzi vəsaitlər dövlət büdcəsinin gəlirlərində yenidən tanınıb. Hesablama Palatası tərəfindən aparılan təhlillər bəzi gəlir inzibatçıları üzrə dövlət büdcəsinin gəlirlərində əlavə potensialın olduğunu deməyə imkan verib. Hesablama Palatası tərəfindən dövlət büdcəsinin gəlirlərinin 97,8%-ni təşkil edən hesabatlar müvafiq qurumlar tərəfindən təqdim edilmiş hesabatlarla üzləşdirilib, əhəmiyyətli kənarlaşmalar aşkar edilməyib".
2023-cü ildə dövlət büdcəsinin xərcləri əvvəlki ilə nisbətən artıb
V.Gülməmmədov qeyd edib ki, 2023-cü ildə dövlət büdcəsinin xərcləri əvvəlki ilə nisbətən artıb, bu artım əsasən sosialyönlü xərclərin, işğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası, eləcə də ölkənin müdafiə potensialının gücləndirilməsi məqsədilə müdafiə və milli təhlükəsizlik sahəsinə yönəldilmiş vəsaitin artımı ilə əlaqəli olub:
"İl ərzində qanunvericiliyə istinad edilməklə xərclər üzrə aparılmış dəyişikliklər əvvəlki illərdə olduğu kimi dövlət büdcəsinin icrası vəziyyətinə təsir göstərib. Əvvəlki rəylərdə qeyd edilmiş bəzi tövsiyələr nəzərə alınsa da, xərclərin bəzi istiqamətləri üzrə uçot və hesabatlılıqda uyğunsuzluqlar aşkar edilib. Hesablama Palatası tərəfindən dövlət büdcəsi xərclərinin 85,5%-ni əhatə edən vəsaitlərin qurumlar tərəfindən təqdim edilən hesabatlarla üzləşdirilməsi aparılıb, əhəmiyyətli kənarlaşmalar aşkar olunmayıb".