"Təəssüf doğuran haldır ki, Niderland Parlamentinin üzvləri Azərbaycan torpaqlarının işğal altında saxlanıldığı, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün taleyi yaşadığı 30 il ərzində bir dəfə də olsun səslərini çıxarmayıb, işğalçı ölkəni aşkar və ya gizli surətdə dəstəkləməyə üstünlük veriblər, bu gün isə Azərbaycan Respublikasına qara yaxan, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn, uzun illər münaqişədə olmuş iki dövlət arasında normallaşma prosesinə zərbə vuran, revanşizmə rəvac verən bir hərəkəti özlərinə rəva görürlər".
"Azərbaycan Respublikasının Milli Məclisi Niderland Parlamentinin Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Azərbaycanın daxili işlərinə qanunsuz müdaxilə cəhdlərinə son qoymağa, bölgədə artıq tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq niyyətindən əl çəkməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılmasına yönələn addımlar atmağa çağırır" - parlamentin məlumatında qeyd olunur.