"Yaşayış yerlərindən və əkin sahələrindən başqa qəbiristanlıqlarda da basdırılmış minalara və partlamamış sursatlara rast gəlirik. Ehtimal edirik ki, azad olunan ərazilərdə 1 milyondan çox mina hələ də qalmaqdadır. Bu çirklənmə həm təbii ehtiyatlara, həm də su mənbələrinə ziyan vurub. Su ehtiyatlarının təmizlənməsi çətin və uzunmüddətli proseslərdir. Eyni zamanda, mina tələlərinə su kanallarında da rast gəlirik. Münbit torpaqlar uzun müddət istifadəsiz qalıb. Bu hal bir müddət də davam edəcək. Çünki partlamamış sursatlar və minalar nə qədər çıxarılsa da, hələ bölgədə bu təhlükə qalmaqdadır".
"Biz hətta ağaclarda da mina və partlayıcıların tələ formasında qurulduğuna şahid olduq. Bu hal hətta indi də təkrarlanmaqdadır. Bizim ümumilikdə 3000-dən çox mina qurbanımız var. İnsanlara minaların təsiri günümüzdə də davam edir. Biz hələ də minaların sayının dəqiqləşdirilməsini aparırıq. Bizə verilmiş mina xəritələri dəqiq deyil. Bu sənədlərə əhəmiyyətsiz desək, yanılmarıq".
"Hədəfimiz hər il 65 min hektar ərazini təmizləməkdir. Əməliyyatlarda siçovullardan, eləcə də digər texnikalardan istifadə edirik. Biz hətta minatəmizləyən avadanlığın istehsalına da başlamışıq. Çalışırıq ki, bərpa prosesləri tezləşsin və keçmiş məcburi köçkünlər öz evlərinə qayıtsınlar. Bizə dəstək verən bütün tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk".