BAKI, 30 may — Sputnik. Azərbaycanın Cammu və Kəşmir məsələsində mövqeyi dəyişməzdir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Pakistanın Azərbaycana göstərdiyi möhkəm siyasi və mənəvi dəstəyi də Azərbaycan həmişə yüksək qiymətləndirib:
"Cammu və Kəşmir məsələsində də bizim mövqeyimiz həmişə ardıcıl olub. Azərbaycan bu problemin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin tərəfdarıdır".
Qeyd edək ki, Kəşmirin 45 faizi Hindistan, 35 faizi Pakistan, 20 faizi Çin hakimiyyətinin nəzarəti altındadır. Bölgə çoxdilli və çoxmədəniyyətlidir. Ştatın rəsmi dili urduca, əlifbası farscadır.
Kəşmir əhalisinin 60 faizə yaxını müsəlman, təxminən 2 faizi hindus, Cammunun 31 faizi müsəlman, 65 faizi hindus, Ladakın isə 47 faizi müsəlman, 6 faizi hindusdur. Ştatın ümumilikdə 11 milyona yaxın əhalisi var.
Qeyd edək ki, Modinin rəhbəri olduğu partiyanın çoxluq təşkil etdiyi Hindistan parlamenti 2020-ci ildə Pakistan, Banqladeş və Əfqanıstandan olan mühacir dini azlığın nümayəndələrinə vətəndaşlığın verilməsinə dair qanun layihəsi qəbul edib. Həmin sənəddə 6 dini qrupun buddist, xristian, hindus, cayn, fars və sikhlərin nümayəndələrinə vətəndaşlığın verilməsi nəzərdə tutulub. Müsəlmanların adının göstərilməməsi isə onlara qarşı diskriminasiya sayılır.
Sözsüz ki, Cammu və Kəşmir əyalətinin statusunun Ali Məhkəmə tərəfindən dəstəklənməsi bölgədə vəziyyətin gərginləşəcəyinə təsir göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.