BAKI, 30 may — Sputnik. "Qanunvericiliyə edilmiş dəyişikliyə görə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək".
Bunu AZƏRTAC-a Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bundan başqa, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirən operatorun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməsi nəzərdə tutulur:
"Sözügedən hazırlığın və yenidən hazırlığın nəticələrinin qiymətləndirilməsi də Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 7 il müddətinə qüvvədə olan sənəd təqdim ediləcək. Hazırda qeyd edilən imtahanların keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanı ilə danışıqlar aparılır və imtahanın yay aylarında keçirilməsi nəzərdə tutulur".
Qeyd edək ki, bundan öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər ki, "Avtomobil nəqliyyatı haqqında" qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirən taksi sürücülərinə şəhadətnamələr təqdim olunur.
Qeyd olunub ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təkliflər təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.