BAKI, 30 may — Sputnik. Azərbaycanda qabaqcıl təcrübənin öyrənilməsi üçün treninq mərkəzi açılacaq. Bunu jurnalistlərlə söhbətində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
ANAMA rəhbəri qeyd edib ki, bu gün Zəngilanda keçirilən "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi" mövzusunda konfransda mina probleminin ətraf mühitə təsiri müzakirə olundu və vurğulayıb ki, müzakirə üçün belə bir mövzunun seçilməsi təsadüfi deyil:
"Çünki Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Biz mina probleminin ətraf mühitə təsirini aşkar görürük. İstədik ki, bunu dünya ictimaiyyətinə də çatdıraq".
Vüqar Süleymanov ANAMA-nın idarə heyətinin sədri
© Sputnik / Emin Alisahib
V.Süleymanov bildirib ki, konfrans zamanı BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) niyyət bəyannaməsi imzalayıb:
"Bu razılaşmanın əsasında Azərbaycanda qabaqcıl təcrübənin öyrənilməsi üçün treninq mərkəzi açılacaq. Bu həm milli, həm regional, həm də beynəlxalq səviyyədə mərkəz olacaq. Layihənin həyata keçirilməsi müəyyən vaxt tələb edəcək. Əsas məsələ, ilk addımlar atılıb, prosesə başlanılıb".
ANAMA sədri onu da əlavə edib ki, minatəmizlənmədə istifadə olunan yerli istehsal maşınlar da Zəngilanda nümayiş olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.