“Təbii ki, ailə üzvləri olaraq bu, bizim üçün fəxr, qürur mənbəyidir. Prezident Rəcəb Tayyib Ərdoğan ötən ilin aprel ayında İstanbulda keçirilən TEKNOFEST–də Türkiyənin ilk astronavtlarını elan etdi. Ölkə başçısının oğlumun da adını çəkməsi, xüsusilə Tuva Cihangirin həm də azərbaycanlı olduğunu deməsinin verdiyi qüruru sözlərlə ifadə etmək mümkün deyil. Türkiyə Prezidentinin bu sözləri tədbirdə iştirak edənlər də böyük coşqu ilə qarşıladılar. Həmin festivalda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edirdilər. Düşünürəm ki, onlar üçün də Türkiyə Prezidentinin bu sözləri çox sevindirici oldu. Azərbaycan Prezidenti məni bir ana kimi şəxsən təbrik etdi. Belə qürur dolu hissləri yaşatdığı üçün oğluma minnətdaram. Cihangirin Türkiyənin ilk astronavtlarından biri olması təkcə Türkiyənin deyil, daima “Bir millət, iki dövlət” kəlamı ilə addımlayan Türkiyə və Azərbaycanın birgə uğuru və qürurdur”.
“Türkiyəyə 1990-cı ildə ailə həyatı qurandan sonra gəlmişəm. Ankaranın ilk azərbaycanlı gəliniyəm. İlk olmağın bir çox çətinlikləri ilə üzləşdim. Qısa vaxt ərzində təhsilimi davam etdirmək istədim. İmtahanları uğurla verəndən sonra Türkiyədəki ilk azərbaycanlı xanım olaraq qadın xəstəlikləri və doğum mütəxəssisi ixtisasına yiyələndim. Ankara Xəstəxanasında fəaliyyətə başlayanda artıq böyük oğlum dünyaya gəlmişdi, sonra ikinci oğlum və qızım oldu. Uşaqlar körpə olduğuna görə eyni vaxtda ailə və peşə fəaliyyətini davam etdirmək xeyli çətinliklər yaradırdı. Lakin insan arzusunun və iradəsinin qarşısında bütün çətinliklər acizdir. Ailəmdən və doğmalarımdan uzaqda həm peşə fəaliyyətimi, həm də analıq borcumu yerinə yetirməli idim. Sağlam övlad böyütmək və yetişdirmək ailənin hər bir üzvündən, xüsusilə ana və atadan asılıdır. Şükürlər olsun ki, çox böyük zəhmət və fədakarlıq hesabına bunun öhdəsindən gələ bildim. Yəqin ki, bu gün oğlumun minlərlə şəxsin içindən seçilərək Türkiyənin ilk kosmonavtlarından biri adını qazanması da bunun nəticəsidir”.
“Bakıda rus dilində tibbi təhsil aldığıma görə qardaş ölkədə işə başlamaq o qədər də asan olmadı. Lakin işləmək həvəsim, insanların sağlamlığı keşiyində dayanmaq arzum bütün çətinlikləri arxada qoydu. Hazırda Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən qadınlar üçün sağlamlıq testi proqramının yaradılmasına töhfə verməyə çalışıram. HPV virusunun dünyada geniş yayıldığı və bunun gələcəkdə qadınlarda uşaqlıq yolu xərçəngi kimi bir çox xəstəliklərə səbəb olduğunu nəzərə alaraq buna bağlı testləri daha geniş ictimaiyyətə yaymaq istəyirəm. Bunlar həyata keçəndən sonra qızlarla yanaşı oğlanları da qorumaq üçün peyvənd proqramları hazırlanacaq, çünki erkən diaqnoz, profilaktika və testlər çox vacibdir”.