BAKI, 29 may — Sputnik. Moskvada 28 May - Azərbaycanın Müstəqillik Günü şərəfinə qala-ziyafət keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə siyasi və ictimai xadimlər, Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şərqdə ilk demokratik respublikanın tarixindən danışıb, müasir dövrdə ölkəmizin müstəqilliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.
Səfir qeyd edib: "Sovet İttifaqının süqutundan dərhal sonra Azərbaycanda baş verən siyasi böhran və ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən silahlı işğalı ölkə həyatının bütün sahələrində dönüş yaratmış, müstəqil dövlətimizi ciddi sınaqlarla üz-üzə qoymuşdu. Son dərəcə qeyri-sabit dövrdə ictimaiyyətin təkidli tələbi ilə yenidən rəhbərliyə qayıdan Azərbaycan xalqının görkəmli oğlu - Ümummilli Lider Heydər Əliyev ölkəni iflasa uğramaqdan xilas etdi, çoxsaylı islahatlar başlatdı, gələcək inkişaf üçün möhkəm, hərtərəfli zəmin yaratdı. Onun rəhbərliyi altında Azərbaycan-Rusiya əməkdaşlığına mühüm yer verilən yeni xarici siyasət strategiyası işlənib hazırlandı. Hazırda ölkələrimiz strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərini uğurla həyata keçirir, bütün səviyyələrdə etimadlı və konstruktiv ikitərəfli dialoq aparır, Azərbaycan ilə Rusiya arasında münasibətlərin xarakteri isə hər iki ölkə tərəfindən yüksək qiymətləndirilir".
Moskvada Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli qəbul təşkil edilib
© Photo : AZERTAG
O, Azərbaycan-Rusiya münasibətlərinin mütərəqqi inkişafını qeyd edib. "Biz hər zaman xatırlayırıq ki, bu əməkdaşlığın təməlini xalqlarımız arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstəyə, eləcə də qarşılıqlı maraq, hörmət, suverenlik və ərazi bütövlüyünə əsaslanan Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin formalaşması istiqamətində mühüm addımlar atmış Heydər Əliyev qoyub. Bu gün bu siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev inamla həyata keçirir" - diplomat vurğulayıb.
Səfir deyib: "Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Qarabağ və ətraf rayonların uzun illər davam edən işğalından sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam və qəti bərpasının ardından son 30 il ərzində ilk dəfə Müstəqillik Günü ölkəmizin bütün ərazisində qeyd olunur. Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan sülh sazişi bağlamaq üçün real imkanlara malikdir".
Azərbaycanda keçirilən mühüm siyasi , humanitar və iqtisadi tədbirlərdən danışan Polad Bülbüloğlu xatırladıb ki, ölkəmiz bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi edəcək.
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa işlərində böyük uğurlardan bəhs edən səfir deyib: "İşğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-tikinti və quruculuq işləri davam edir. Mən də hər bir azərbaycanlı kimi, səmimi qəlbdən ümid edirəm və inanıram ki, Vətənimin bütün nailiyyətləri uzun bir yolun başlanğıcıdır və bütün çətinliklərə baxmayaraq, Azərbaycan sülh gündəmini, tolerantlıq, qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq etmək bacarığı kimi ümumbəşəri dəyərləri qətiyyətlə təbliğ etməyə davam edəcək".
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxışında Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafını qeyd edib.
"Biz səmimi-qəlbdən şadıq ki, liderlərimiz - Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə edilmiş razılaşmalar əsasında müttəfiq qarşılıqlı fəaliyyətimiz, tərəfdaşlığımız bütün sahələrdə mütərəqqi şəkildə inkişaf edir. Bura siyasi dialoq, beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət, çoxşaxəli iqtisadi-ticari, mədəni-humanitar əlaqələrimiz daxildir. Bu əlaqələrə əlavə təkan İlham Heydər oğlu Əliyevin bu il Moskvaya səfəri oldu. Biz ürəkdən şadıq ki, dost Azərbaycan Müstəqillik Gününü yüksəliş şəraitində qeyd edir, ölkə Cənubi Qafqaz regionunda mühüm rol oynayır və beynəlxalq aləmdə nüfuza malikdir" - M.Qaluzin bildirib.
Rusiya XİN rəhbərinin müavini vurğulayıb ki, Moskvanın səyləri Cənubi Qafqazı sabitlik və firavanlıq regionuna çevirmək məqsədi daşıyır. "Burada əsas addım Azərbaycan və Ermənistan arasında barışıq olmalıdır" - diplomat əlavə edib.
O, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə şəxsi töhfəsini xüsusi qeyd edib.
Tədbir mədəni proqramla davam edib.