BAKI, 29 may — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədovun iyunun 3-də Minskə səfəri gözlənilir.
Belarus KİV-ləri xəbər verir ki, bu barədə Belarus baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.
"İyun ayında Minskdə Azərbaycandan əziz qonaqlarımızı səbirsizliklə gözləyirik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının iclasında (3-4 iyun) iştirak üçün, Azərbaycan Respublikasının baş nazirinin müavini Əli Əhmədov isə Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası və Belarus-Azərbaycan biznes forumunun keçirilməsi üçün Belarusa səfər edəcək" - o deyib.
Petrişenko, həmçinin, Azərbaycanın digər dövlət təşkilatlarının rəhbərlərinin də Belarusa səfər edəcəyini qeyd edib.
Baş nazir müavini əlavə edib ki, Belarus Azərbaycan diplomatiyasının uğurlarını, 4 il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik edən ölkənin beynəlxalq nüfuzunun artmasını, bu ilin noyabr ayında Bakının nüfuzlu COP29 tədbirinə ev sahiblik edəcəyini müsbət qiymətləndirir.