RUSİYA

Azərbaycan Cənubi Qafqazda mühüm rol oynayır - Lavrovun müavini

Qaluzin deyib ki, sərhədlərin delimitasiyası və demarkasiyası Azərbaycanla Ermənistan arasında münasibətlərə, ümumilikdə regionda təhlükəsizlik və sabitliyə töhfə verəcək.
Sputnik
BAKI, 28 may - Sputnik. Azərbaycan beynəlxalq münasibətlərin fəal iştirakçısıdır və Cənubi Qafqaz regionunda mühüm rol oynayır.
Bunu Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən təntənəli qəbulda iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Biz səmimi qəlbdən şadıq ki, dost Azərbaycan öz milli gününü yüksələn xətlə qeyd edir. Ölkə beynəlxalq münasibətlərin fəal iştirakçısıdır və Cənubi Qafqaz regionunda mühüm rol oynayır və beynəlxalq aləmdə nüfuza malikdir" - Rusiya XİN başçısının müavini vurğulayıb.
Qaluzin qeyd edib ki, Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda iştirak etməkdən məmnundur:
“Bizim mehriban qonşumuz, strateji tərəfdaşımız və etibarlı müttəfiqimiz olan Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda iştirak etməkdən məmnunam Şadıq ki, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunan razılaşmalar əsasında bizim müttəfiqlik əməkdaşlığımız bütün sahələrdə mütərəqqi şəkildə inkişaf edir. Bura siyasi dialoq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət daxildir. Bunlar bizim çoxşaxəli ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrimizdir".
Rusiyalı diplomat Azərbaycan prezidenti İlham Əliyevin bu il Moskvaya səfərinin iki ölkə arasında əlaqələrə müsbət dinamika verdiyini söyləyib.
O həmçinini qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli razılaşmaların və Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının əsas istiqamətlərindən biridir.
Rusiya XİN başçısının müavini deyib ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, ümumilikdə regionda təhlükəsizlik və sabitliyə töhfə verəcək.