RUSİYA

Putin və Mirziyoyev nələri müzakirə ediblər? - Dar formatlı görüşün təfərrüatları

Putin bildirib ki, Rusiyadan belə bir nümayəndə heyətinin gəlişi iki ölkənin həm strateji tərəfdaşlığının, həm də müttəfiqlik münasibətlərinin xüsusi xarakterini göstərir.
Sputnik
BAKI, 27 may — Sputnik. "Kuksaroy" iqamətgahında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında dar tərkibdə görüş keçirilib. Bu barədə Sputnik Özbəkistan məlumat yayıb.
Mirziyoyev qeyd edib ki, Rusiya lideri yenidən prezident seçildikdən sonra ilk xarici səfərlərindən birini Özbəkistana edir.

"İlk səfərlərinizdən birini Özbəkistana etdiyinizə görə minnətdaram. Bu, Özbəkistana və onun çoxmillətli xalqına böyük hörmətdir" - Mirziyoyev deyib.

Öz növbəsində, Putin bildirib ki, Rusiyadan belə bir nümayəndə heyətinin gəlişi iki ölkənin həm strateji tərəfdaşlığının, həm də müttəfiqlik münasibətlərinin xüsusi xarakterini göstərir.
Həmçinin Özbəkistanla Rusiya arasında ticarət dövriyyəsinin artımı və 10 milyard dollara çatmasından danışılıb.

"İlk dəfə olaraq siz və mən 63 bəndlik yol xəritəsi imzaladıq və bu sahədə irəliləyiş var. Əgər ticarət dövriyyəsindən danışsaq, bu, çox yaxşı artımdır. Biz indi ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaq üçün çalışırıq" - Özbəkistan prezidenti qeyd edib.

Onun rusiyalı həmkarı Özbəkistanın ticarət dövriyyəsinin 15,5%-nin Rusiya Federasiyasının payına düşdüyünü qeyd edib və bu tempin daha da artacağına əminliyini bildirib.
Rusiya Federasiyasının rəhbərinin sözlərinə görə, iqtisadi əlaqələrin inkişaf tempi heyranedicidir, Rusiya ilə Özbəkistan arasında ticarət-iqtisadi əlaqələr şaxələnir və yaxşı perspektivlərə malikdir.

"Hazırda Özbəkistan hökumətinin səyləri sayəsində ölkələr arasında ticarət-iqtisadi əlaqələr şaxələnir və xüsusilə sənaye və yüksək texnologiyalar sahəsində yaxşı perspektivlərə malikdir" - Putin bildirib.

Liderlər Özbəkistan Respublikası ilə Rusiya Federasiyası arasında birgə layihələr portfelinin 45 milyard dollara çatdığını qeyd edərək, aparıcı müəssisələrin birgə layihələrini dəstəkləmək üçün Birgə İnvestisiya Platformasının fəaliyyətə başlaması barədə razılığa gəliblər.
Görüş zamanı regionlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyindən də danışılıb. Qeyd edilib ki, Özbəkistan və Rusiya Regionlar Şurasının ilk iclasında Rusiya Federasiyasının 28 region rəhbəri iştirak edəcək.

"Biz regionlara kömək etsək, nəticə çox yüksək olacaq" - Şavkat Mirziyoyev bildirib.

İki ölkənin liderləri həmçinin enerji, o cümlədən nüvə, kənd təsərrüfatı, innovasiya, miqrasiya, təhlükəsizlik və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafını əsaslı şəkildə müzakirə edib, müxtəlif mədəni və humanitar mübadilənin inkişafını yüksək qiymətləndiriblər. Mədəniyyət sahəsində əməkdaşlıq proqramının qəbul edilməsi planlaşdırılır.
Təhsil və mühəndis kadrlarının hazırlanması sahəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib. Özbəkistanda Bauman adına Moskva Texniki Universitetinin və Ümumrusiya Xarici Ticarət Akademiyasının filiallarının açılması ilə bağlı razılıqlar əldə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Şavkat Mirziyoyevin dəvəti ilə mayın 26-27-də Özbəkistanda dövlət səfərindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.