RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

NATO ölkəsinin Ukraynadakı münaqişəyə cəlb olunması alyansın birliyini pozacaq - Baş katib

Alyansdakıların böyük əksəriyyəti Ukraynanı dəstəkləyir, lakin Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişəyə çox az alyans üzvü hazırdır.
Sputnik
BAKI, 27 may — Sputnik. Hər hansı müttəfiq ölkənin Ukraynadakı münaqişəyə cəlb olunması təşkilatın birliyini pozacaq və Kiyevə gələcək dəstəyi təhlükə altına salacaq. NATO-nun baş katibi Yens Stoltenberq belə hesab edir.

"Müxtəlif fikirlər var, lakin NATO-nun maraqlarına uyğun olanı alyansı münaqişənin tərəfinə çevirməyəcək şəkildə yardım göstərməkdir. Alyansdakıların böyük əksəriyyəti Ukraynanı dəstəkləyir, lakin Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişəyə çox az alyans üzvü hazırdır. Ona görə də mən hesab edirəm ki, Ukraynaya yardım axınının davam etməsi üçün alyansın münaqişəyə birbaşa qarışmamasını təmin etmək lazımdır. Əks halda, Ukraynaya yardım məsələsindəki birlik pozulacaq", - o, bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq
NATO baş katibinin sözlərinə görə, Ukraynaya dəstək nə qədər güclü olarsa, Qərbi parçalaya biləcək hərəkət çağırışlarında bir o qədər diqqətli olmaq lzımdır.
"Bizim yardım göstərməkdə birliyimiz var, lakin (münaqişədə) birbaşa iştirakda birlik yoxdur. Əgər NATO qüvvələri Ukraynada qurudan və ya havadan Rusiyanın aktivlərinə hücum edərək münaqişəyə birbaşa cəlb edilərsə, o zaman biz NATO-nun münaqişədən kənarda qalmasının çətin olacağı bir vəziyyətə düşəcəyik", - Stoltenberq deyib.
Stoltenberq əlavə edib ki, NATO "Ukraynanın quru və hava məkanında qüvvəyə malik olmamalıdır".
"Ukraynaya verilən silahlar Ukraynaya məxsusdur. Bu silahlar bizim olmaqdan çıxıblar və Ukraynanın özünümüdafiə hüququ var", - baş katib bildirib.
Onun sözlərinə görə, bu səbəbdən Ukrayna Rusiya Federasiyasındakı Ukrayna ərazisinə hücumlar üçün istifadə olunan hərbi obyektlərə zərbələr endirməkdən ötrü həmin silahlardan istifadə edə bilər.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Sergey Lavrov ABŞ və NATO-nun Ukraynadakı münaqişədə birbaşa iştirak etdiklərini, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə məşğul olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.