BAKI, 26 may — Sputnik. London Gigiyena və Tropik Tibb Məktəbinin araşdırması nəticəsində məlum olub ki, piyadaları elektrik və ya hibrid avtomobil vurma ehtimalı benzin və ya dizellə işləyən avtomobillə müqayisədə iki dəfə çoxdur.
"OilPrice" bu barədə xəbər verib.
Belə ki, araşdırmaya görə, piyadalar arasında ölüm nisbəti elektrikli avtomobillər və hibrid avtomobillər üçün 5,16 ilə 100 milyon mil arasındadır ki, bu da ənənəvi benzinlə işləyən avtomobillər üçün qeydə alınan 2,4 ilə 100 milyon milin iki qatından çoxdur.
Buna səbəb elektrik avtomobilinin nisbətən sakit işləməsi, eləcə də səs-küylü şəhər ərazilərində piyadaların sıxlığıdır: bu ərazilərdə piyadaların elektrik və ya hibrid avtomobil tərəfindən vurulma ehtimalı, demək olar ki, üç dəfə çoxdur.
Elektrikli nəqliyyat vasitələrinin digər çatışmazlıqlarına qiymət daxildir. Belə ki, orta hesabla elektrik avtomobili müqayisə olunan benzinlə işləyən avtomobildən daha yüksək qiymətə malikdir. Bundan əlavə, elektriklə işləyən avtomobil, temperatur 20 dərəcə aşağı düşəndə öz diapazonunun 12%-ni itirə bilər, kabin qızdırıcısı işə salındıqda isə bu itki 40%-ə qədər artır.
Azərbaycan elektromobillərdən istifadəni təşviq edir
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda elektrik və hibrid avtomobillərdən istifadə, o cümlədən bu avtomobillərin alınmasına verilən stimullar hesabına artır.
Belə ki, bu ilin yanvar-mart aylarında ölkəyə 830 ədəd elektromobil idxal edilib ki, bu da bir il əvvəlkindən 2 dəfə çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti istehsal tarixi üç ildən çox olmayan elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalını gömrük rüsumlarından azad edib.
Elektromobillərin enerji ilə doldurulması üçün akkumulyator və avadanlıqların idxalı da gömrük rüsumlarından azaddır.
Bundan əlavə, Azərbaycanda yaxın vaxtlarda elektromobillərin istehsalının yaradılması planlaşdırılır. Belə ki, ötən gün Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gülay Həsənova bildirib ki, yaxın illərdə Azərbaycanda elektromobillərin istehsalı və ixracı üzrə layihələr həyata keçirilə bilər.