BAKI, 25 may - Sputnik. Tavuş rayonunun Kirants kənd sakini Azərbaycanla sərhəddə yerləşən kəndə gələn baş nazir Nikol Paşinyanı həyətindən qovub.
Sputnik Ermənistan-ın xəbərinə görə, Baş nazirlə söhbət zamanı kəndli delimitasiyaya etirazını bildirib. Xəritələr və dövlət sərhədi barədə eşitmək belə istəməyən sakin hökumət başçısını evinə buraxmaqdan imtina edib və bütün dövlət rəsmilərindən həyəti tərk etməyi tələb edib.
"Sərhəd xəritədə olduğu yerdən keçirsə, nə etməli?" – Paşinyan evin həyətində sakindən soruşub.
Sakinlərdən biri isə Paşinyana deyib ki, "ölkəmiz sizin xəritədə getdikcə kiçilir".
Hökumət başçısı buna etiraz edib.
“Ərazilərimiz kiçilmir, xəritələrə görə sərhəd olduğu yerdə qalıb” - Baş nazir bildirib.
Daha bir neçə kənd sakini delimitasiya prosesi başa çatdıqdan sonra Paşinyan və ailəsinin Kirantsda məskunlaşmasını təklif edib.
"Gözləyin, biz hələ təzəlikcə ancaq müzakirə aparmağa razılaşmışıq" - Baş nazir deyib.
Paşinyanın yaxınlaşdığı evin sahibi isə onun sözünə belə reaksiya verib: “Çıxın gedin buradan. Sizin xəritələrinizə görə bura Azərbaycan ərazisidir? Rədd olun, buradan!”
Xatırladaq ki, Paşinyan bu gün Tavuş rayonunun Azərbaycanla həmsərhəd kəndlərinə səfər edib.
Baş nazir bundan əvvəl Voskepar və Bağanis kəndlərində olub, Azərbaycanla sərhədin delimitasiyası işlərinin gedişi ilə bağlı ona məlumat verilib.
Aprelin 19-da Tavuşda delimitasiyanın aparılması ilə bağlı məlum bəyanatdan sonra mayın 15-də iki ölkənin sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryanın və Şahin Mustafayevin sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib.
Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.