Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri qurmağa başlayıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Edqar Unanyan Baş nazir Nikol Paşinyana kilsənin arxasındakı dərədə yerləşən sərhəd sütunlarından birini göstərib.
Sputnik
BAKI, 25 may - Sputnik. Ermənistan Azərbaycanla sərhədin Voskepar kəndi yaxınlığındakı delimitasiya olunmuş hissəsində sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.
Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyana onun Tavuş vilayətinin sərhəd kəndlərinə səfəri çərçivəsində Voskepar kəndindəki Müqəddəs Məryəm kilsəsini ziyarət etdiyi zaman məruzə olunub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Edqar Unanyan baş nazirə kilsənin arxasındakı dərədə yerləşən sərhəd sütunlarından birini göstərib. Onun sözlərinə görə, Ermənistan tərəfi artıq sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.
“Biz altı müşahidə məntəqəsi quraşdırmışıq, Azərbaycan tərəfi isə hələ ki yollar çəkir, məntəqə quraşdırmayıb. Əldə olunan bütün razılaşmalar yerinə yetirilir”, - o bildirib.
Paşinyan Voskepardan sonra qonşu sərhəd kəndlərinə yollanıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın helikopteri bu gün səhər saatlarında Vanadzor stadionuna (Lori rayonu) məcburi eniş edib.
Ermənistan hökumətinin başçısının helikopteri Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Taşirə gedərkən pis hava şərtləri səbəbindən qəza enişi etməli olub.
Paşinyan özü də Vanadzorda uçduğu helikopterin təcili eniş etdiyini təsdiqləyib.
“Əzizlərim, pis hava şəraiti ilə əlaqədar olaraq, helikopterimiz Vanadzorda plansız yerə eniş etdi. İndi maşınla yolumuza davam edirik. Hamımıza xoş günlər diləyirəm” - Paşinyan sosial şəbəkə hesabında yazıb.
01.04.24, 18:38
Ermənistan Azərbaycan ilə sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur - MN
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.
Müdafiə Nazirliyindən bildirilib ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb.
Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.
"Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək", - məlumatda vurğulanıb.