İQTİSADİYYAT

Dövlət sosial müdafiə fondunun gəlir və xərcləri artırılır

Qeyri-büdcə sektorunda əməkhaqqı artımları, habelə aparılan şəffaflaşdırma tədbirləri nəticəsində əldə olunan ümumi artım tempi nəzərə alınmaqla dövlət sosial sığorta haqları üzrə daxilolmaların məbləği artırılır.
Sputnik
BAKI, 25 may — Sputnik. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il üzrə büdcəsinin gəlir və xərcləri 30 milyon manat artırılır.
Bu, "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə dair izahatda bildirilib ki, 2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsini zəruri edib.
Qeyd edilib ki, "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" qanuna dəyişikliklərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır.
İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilmiş, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olması proqnozlaşdırılır.
Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, habelə aparılan şəffaflaşdırma tədbirləri nəticəsində əldə olunan ümumi artım tempi və ilin növbəti aylarında baş verə biləcək gözləntilər və risklər nəzərə alınmaqla dəyişiklik layihəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların məbləği artırılır.
Beləliklə, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6 milyard 949,9 milyon manata çatdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.