BAKI, 25 may - Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər. Erməni diplomat İrəvan və Bakı arasında sülh sazişi layihəsi üzrə danışıqların gedişi barədə Borrellə məlumat verib.
Mirzoyan, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirmək öhdəliyinin vacibliyini qeyd edib.
O, vurğulayıb ki, saziş layihəsində əldə edilmiş bəndləri birləşdirməklə yekun razılığa nail olmaq mümkündür.