BAKI, 24 may — Sputnik. Azərbaycanda icbari zəlzələ sığortasını tətbiq etmək olar. Çünki zəlzələ fundamental riskdir. Keçən il Türkiyədə baş verən dağıdıcı zəlzələni xatırlayın.
Bu sözləri Azərbaycan Sığortaçılar Assosiasiyasının Ekspert Qrupunun üzvü İlkin Nəcəfov Sputnik Azərbaycan-a zəlzələ sığortasından danışarkən deyib.
O bildirib ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası əvəzinə zəlzələyə görə icbari sığortanın tətbiqi daha məqsədəuyğun olardı: "Çünki Azərbaycan seysmik zonada yerləşir. Lakin bunu üçün işlək sığorta mexanizmi olmalıdır, əks təqdirdə effektiv olmayacaq".
Seysmoqraf
© AFP 2024 / RUSLAN PRYANIKOV
"Yaşayış evləri və mənzillərin əksəriyyətinin icbari sığortası yoxdur"
İ.Nəcəfov diqqətə çatdırıb ki, seysmik zonada yerləşən Türkiyədə icbari zəlzələ sığortası tətbiq edilir: "Azərbaycanda isə daşınmaz əmlakın icbari sığortası içərisində zəlzələ üzrə təminat var. Amma təəssüf ki, bu gün xüsusən yaşayış yerlərinin daşınmaz əmlakın icbari sığortası ilə əhatəsi çox aşağıdır. Yəni yaşayış evlərinin və mənzillərin əksəriyyətinin icbari sığortası yoxdur. Ancaq alqı-satqı zamanı bu daşınmaz əmlaklar icbari qaydada sığorta edilir. Həmçinin bəzi vətəndaşlar da icbari olduğuna görə daşınmaz əmlakını sığortalayırlar. Amma ümumilikdə isə xüsusən əhali qrupu üzrə daşınmaz əmlakların icbari sığortası çox aşağıdır. Bunun artması üçün işlək mexanizm olmalıdır".
Sığorta haqqı və əmlaka dəyən zərərə görə sığorta ödənişinin məbləğləri nə qədərdir?
Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta haqqı və zərərə görə sığorta ödənişinin məbləğindən danışan ekspert bildirib ki, hazırda Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı illik 50 manat, sığorta ödənişi 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı illik 40 manat, sığorta ödənişi 20 min manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı illik 30 manat, sığorta ödənişi isə 15 min manatdır.
Sığorta ödənişləri çox olsa, daşınmaz əmlakın icbari sığortasına maraq artacaq
Sığorta eksperti İlkin İbrahimov isə Sputnik Azərbaycan-a açıqlamasında, zəlzələ sığortasının ölkədə ayrıca tətbiq edilməsinə ehtiyac görmür: "Onsuzda 2011-ci ildən ölkədə tətbiq edilən daşınmaz əmlakın icbari sığortası bütün təbii fəlakətləri (zəlzələ, vulkan, qasırğa, dolu və s.) əhatə edən sığorta növüdür. Lakin işlək cərimə mexanizmi olmadığı üçün bu icbari sığorta növü geniş yayılmayıb. Əgər sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişləri çox olsa, bu sığorta növünə maraq artacaq, hər kəs də öz evini sığortalayacaq. Ona görə də ölkəmizdə daşınmaz əmlakın icbari sığortasının daha yaxşı formada tətbiqinə nail olmaq lazımdır. Amma Türkiyədə isə icbari zəlzələ sığortası ayrıca tətbiq edilir".
"Azərbaycanda zəlzələ ilə bağlı riskləri sığortalamaq üçün yeni sığorta məhsulunun hazırlanmasına ehtiyac var"
Qeyd edək ki, Bakıda keçirilən "Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi konfransı"nda deputat Vüqar Bayramov deyib ki, Azərbaycanda zəlzələ ilə bağlı riskləri sığortalamaq üçün yeni sığorta məhsulunun hazırlanmasına ehtiyac var: "Yeni sığorta məhsulunun hazırlanması praktiki yanaşmalarla yanaşı, elmi baxış da tələb edir. Burada yalnız sığorta şirkətləri deyil, elmi cəmiyyətin də sintezi yeni modelin hazırlanmasına və ölkədə tətbiq edilməsinə gətirib çıxara bilər".
V.Bayramov qeyd edib ki, bunun hazırlanması uzun zaman alacaq, amma bir yerdən başlamağa ehtiyac var: "Qanunvericilikdə bu məqam nəzərə alınmalı, Milli Məclisdə müzakirə edilməlidir. Hazırki qanunvericilik mövcud sığorta məhsulları ilə yanaşı, yeni sığorta məhsulunun hazırlanmasını qadağan etmir".
Azərbaycanda katastrofik risklərin hesablanması modeli yaradılacaq
Konfransda İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov bildirib ki, hazırda Azərbaycanda daşınmaz əmlakların sığortalanması ilə bağlı vəziyyət ürəkaçan deyil: "Hər 10 əmlakdan biri icbari sığortalanıb. Bu, qətiyyən yaxşı hal deyil. Ölkədə katastrofik risk çıxarsa, dövlət büdcəsinə, ölkə maliyyəsinə ciddi ziyan dəyəcək. Potensial riskin hesablanması isə bu gün mümkün deyil".
R. Əhmədovun sözlərinə görə, Türkiyədə baş verən son zəlzələ zamanı dəyən ziyanın həcmi 103 milyard dollara çatıb: "Bu baxımdan demək olmaz ki, potensial risk zamanı Türkiyədə 103 milyard dollar zərər ortaya çıxıbsa, Azərbaycanda bu rəqəm 10 milyard dollar olacaq. Bu yanaşma doğru deyil. Zərərlər bir-birinə yaxın ola bilər. Əgər təkrarsığorta mexanizmi düzgün işləmirsə, risklər sığorta şirkətlərinə düzgün ötürülmürsə, bu, dövlət üzərində ciddi bir maliyyə yükü əmələ gətirə, ölkənin iqtisadi stabilliyini poza bilər. Bu halların baş verməməsi üçün qoruma qalxanının yaradılmasına ehtiyac var. Elmi hesablamalar düzgün bir şəkildə aparılmalıdır. Türkiyənin şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda katastrofik risklərin hesablanması modelinin hazırlanmasını təmin edəcəyik".
"Əhalinin əmlak sığortası üzrə maariflənmə dərəcəsinin az olması maliyyə itkisini artırır"
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova deyib ki, Azərbaycanda əhalinin əmlak sığortası üzrə maariflənmə dərəcəsinin az olması indiki halda insanlar üçün maliyyə itkisinin daha da artmasına gətirib çıxarır. Risklərə qarşı dayanıqlı maliyyə sistemi yaratmaq üçün maarifləndirmə göstəricilərini yüksəltmək vacibdir: "Ölkəmiz tektonik bir zonada yerləşdiyi üçün əsrlər boyu ölkə ərazisində zəlzələ hadisələri baş verib. Hətta ölkənin bəzi əraziləri beynəlxalq ölçü meyarlarına əsasən, yüksək tektonik risk bölgəsi hesab edilir. Vaxtı ilə ölkəmizin Gəncə, Şamaxı bölgələrində çox güclü zəlzələlər baş verib, hansı ki, nəticədə şəhərin infrastrukturu tamamilə məhv olub. 2000-ci ildə Bakıda, son illərdə Şəki, Zaqatala, Şamaxı şəhərlərində baş vermiş zəlzələlərin həcmini təhlil edərkən görürük ki, zəlzələ riski ölkəmiz üçün hər zaman aktual bir riskdir. Biz Yer kürəsinin aktivlik dövründə bu miqyasda olan zəlzələlərin yenidən başvermə ehtimalının olduqca yüksək olduğunu nəzərdə saxlamalıyıq".
Xatırladaq ki, "İcbari sığortalar haqqında" qanuna əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Bu il nə qədər sığorta ödənişi edilib?
Əlavə edək ki, Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-aprel aylarında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 48,3 milyon manat təşkil edib. Bu dövrdə bu növ sığorta ödənişləri 707 min manat təşkil edib.