BAKI, 24 may — Sputnik. "Evlənənlərin sayının az olması işsizlik və sosial problemlərlə əlaqədardır". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
Komitə sədri bildirib ki, sadalanan səbəblərə görə bu gün insanların evlənmə yaş həddi artır, yəni, 30-35 yaşda evlənirlər.
F.Mustafa eyni zamanda ötən il ölkədə abortların sayının artmasının ciddi təhlükə olduğuna diqqət çəkib.
Azərbaycanda nikahların sayı azalıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk rübündə Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10081 nikah və 5124 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıb
Əlavə edək ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) "Müasir Azərbaycan ailəsi" mövzusunda hazırladığı analitik-hesabatda qeyd olunub ki, Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür. İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3%) qeyd olunub. Deviant hesab olunan davranışların, yəni "ağır" səbəblərin boşanma qərarını legitimləşdirən hallar kimi ən çox seçilməsi boşanma statistikasındakı artıma baxmayaraq, ailə münasibətlərinin insanlar üçün əhəmiyyəti ilə əlaqəlidir. Növbəti pillələrdə xarakter uyğunsuzluğu (16,4%) və nikahdankənar münasibət (16,4%) cavabları yer alıb.
Bundan başqa, keçirilən sorğu nəticəsində ailəni boşanma qərarından saxlayan ən əsas səbəb kimi azyaşlı uşaqların olması (53,9%) göstərilib. Bu, Azərbaycan ailəsinin övlad mərkəzçiliyinin təzahürü hesab oluna bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.