BAKI, 24 may — Sputnik. Milli Məclisdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü il üzrə fəaliyyəti ilə bağlı illik məlumatı müzakirə olunur.
Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
O bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunun 20-ci maddəsinə əsasən hazırlanıb və ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir.
Komitə sədri illik məlumatın 150 səhifədən ibarət olduğunu və məlumatların Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında hazırlandığını diqqətə çatdırıb.
O bildirib ki, hesabat dövründə qadınların əməyi qadağan olunan peşə və iş yerləri azaldılıb. Qanunvericiliyə əsasən, cinsi ayrı‐seçkiliyin aradan qaldırılması məqsədilə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən edilib.
Qeyd olunub ki, hesabat dövründə gender əsaslı zorakılıqla bağlı dəstək xəttinə (860) 302 müraciət daxil olub:
"Müraciət edənlərin 237 nəfəri qadın, 65 nəfəri kişi olub. Dəstək xəttinə edilən müraciətlərin sayı 2022‐ci illə müqayisədə 12,3% artıb. Müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıqla (146), cinsi zorakılıqla (6) bağlı olub. Şikayət edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.