BAKI, 24 may — Sputnik. "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nda çox önəmli sənədlər, qanun layihələrinin hazırlanması öz əksini tapıb.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.
O qeyd edib ki, artıq iki sənəd yekunlaşıb, qəbul olunub:
"Bunlar fövqəladə hallarda, pandemiya və s. hallarda uşaqların təhsilə və digər sosial xidmətlərə əlçatanlıqda bərabərliyin təmin edilməsi və xarici ölkələrdəki yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası haqqında sənədlərdir. Növbəti 3 sənəd isə demək olar, son mərhələdədir. Bu il həmin sənədlər qəbul olunacaq".
Sədr müavinin sözlərinə görə, uşaq hüquqları ilə bağlı qanun layihəsi artıq aidiyyəti qurumların rəy mərhələsindədir.
A.Sofiyeva qeyd edib ki, qanun layihəsində uşaqlarla bağlı inzibati və məhkəmə icrası ilə əlaqədər yeni tələblər yer alıb. Sədr müavini onu da bildirib ki, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamlar öz əksini tapıb. O, həmçinin qanunla nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsinin qadağan edilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” hərtərəfli və uzunmüddətli baxışı müəyyən edir və bu strategiyada uşaqlara təsir edən çoxsaylı problemlərin və çətinliklərin həll olunması nəzərdə tutulub.
Uşaqların müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik bazasının və mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyi;
Ölkədə uşaq hüquqlarının monitorinqinin təkmilləşdirilməsi;
Həssas uşaqların sosial müdafiəsinin gücləndirilməsi;
Uşaqların erkən yaslarında inkişafına dəstək, o cümlədən uşaqların qidalandırılması, əlilliyin erkən aşkarlanması və qarşısının alınması;
Uşaqlara asudə vaxtlarının təşkilində və iştirakında dəstək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.