SƏHİYYƏ

Sümük iliyi transplantasiyasına və onkoloji xəstəliklərə nə qədər pul ayrılıb?

Müvafiq tapşırıqların və normativ hüquqi aktların icrası məqsədilə dövlət büdcəsinin bir sıra ehtiyatlarından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə əlavə vəsaitlər ayrılıb.
Sputnik
BAKI, 23 may — Sputnik. 2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə nəzərdə tutulmuş həcmdə, yəni 267,0 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2022-ci illə müqayisədə 123,7 milyon manat və ya 1,9 dəfə çoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.
Bundan başqa, müvafiq tapşırıqların və normativ hüquqi aktların icrası məqsədilə dövlət büdcəsinin bir sıra ehtiyatlarından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə əlavə vəsaitlər ayrılıb.
Qeyd edilib ki, "Səhiyyə sahəsi üzrə sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi" xərclərindən yüksək səviyyəli sümük iliyi transplantasiyası xidmətinin qurulması və sümük iliyi transplantasiyası əməliyyatının icra edilməsi məqsədilə 6,6 milyon manat, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinə başlanılması məqsədilə 2,2 milyon manat, "Dərman vasitələrinin təqib və izləmə sistemi"nin formalaşdırılması və aparılması məqsədilə 1,8 milyon manat vəsait ayrılıb.
Həmçinin dövlət büdcəsinin "Səhiyyə sahəsinə aid olan digər tədbirlər" xərclərindən ixtiozlu və bullyoz epidermolizli xəstələrin müalicəsinin maliyyələşdirilməsi üçün Səhiyyə Nazirliyinə 3,1 milyon manat ayrılıb, lakin satınalma baş tutmadığından vəsaitin icrası təmin edilməyib.
2023-cü ildə onkoloji xəstələrin müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi, lazımi dərman preparatlarına olan tələbatının ödənilməsi, bu sahənin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün dövlət büdcəsindən 46,8 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2022-ci ilə nisbətən 3,2 milyon manat və ya 6,9 faiz çoxdur.
Həmçinin hesabatda qeyd edilib ki, dövlət büdcəsinin "Səhiyyə sahəsinə aid olan digər tədbirlər" xərclərindən Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının təkmilləşdirilməsi üçün Mərkəzə əlavə 5,0 milyon manat ayrılıb və icrası təmin edilib.