BAKI, 23 may — Sputnik. Qarabağda və Şərqi Zəngəzurda 705 tarixi və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasnının Arxeologiya və Antropologiya Institutunun tərəfdaşlığı ilə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən "Arxeoloji turizm və dayanıqlı idarəetmə" mövzusunda beynəlxalq konfransda bildirib.
"Bu prosesə yerli və xarici mütəxəssislər cəlb ediliblər. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı abidələr, müqəddəs məkanlar bərpa edilərək əsl sahiblərinin üzünə açılır. Heydər Əliyev Fondunun xətti ilə Şuşada, Ağdamda, Zəngilanda bir sıra abidələr bərpa edilib. Mədəniyyət Nazirliyinin xətti ilə Ağdamda Pənahəli xanın imarət kompleksinin bərpası yekunlaşıb" - deyə o qeyd edib.
S.Yusifova Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini, aparılan geniş arxeoloji qazıntı işləri nəticəsində ölkənin qədim tarixinə aid yüzlərlə abidələr və minlərlə maddi mədəniyyət nümunələrinin aşkar edildiyini, bu nümunələrin qorunduğunu deyib.