PAYTAXT XƏBƏRLƏRİ

Dənizkənarı Bulvar İdarəsində nöqsanlar aşkarlanıb

Bulvarda sahibkarlıq fəaliyyətindən əldə olunan pul vəsaitlərin dövlət büdcəsindən maliyyələşən gəlirlərə nisbətən artmasına baxmayaraq, dövlət büdcəsindən asılılıq səviyyəsi artıb.
Sputnik
BAKI, 23 may — Sputnik. Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditini həyata keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "2023-cü ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.
Bildirilib ki, qeyri-büdcə gəlirlərinin tərkib hissəsi kimi sahibkarlıq fəaliyyətindən əldə olunmuş pul vəsaitlərinin məbləğinin dövlət sifarişi üzrə dövlət büdcəsindən maliyyələşən gəlirlərə nisbətinin artmasına baxmayaraq, dövlət büdcəsinin vəsaitlərindən asılılığın tədricən (müvafiq hədlərdə) azaldılmasına nail olunmamaqla, asılılıq səviyyəsi artıb. Həmçinin, hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun qeyri-büdcə gəlirləri üzrə əlavə potensialın da mövcudluğu şəraitində əməyin ödənişi və mükafatlandırılması xərclərinin qeyri-büdcə mənbələri hesabına maliyyələşdirilməsində irəliləyişlər əldə olunmayıb. Bu isə "Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası"nın tələblərinin (3.1-ci bəndinin) pozulması deməkdir.