DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Polşada nüvə silahı yerləşdirməklə bağlı danışıqlar aparmır - Kirbi

Aprelin 22-də Polşa prezidenti Anjey Duda "Fakt" qəzetinə müsahibəsində deyib ki, lazım gələrsə, Varşava NATO-nun nüvə başlıqlarını yerləşdirməyə hazırdır.
Sputnik
BAKI, 23 may — Sputnik. Vaşinqton NATO-nun Nüvə Paylaşımı proqramının bir hissəsi kimi Polşa ərazisində nüvə silahının yerləşdirilməsi ilə bağlı Varşava ilə danışıqlar aparmır. Bu barədə RMF24 radiosuna Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Deməyə sözüm yoxdur, biz belə şeylər haqqında danışmırıq, bu gün ABŞ siyasətində bu məsələ ilə bağlı məlumat verə biləcəyim heç bir dəyişiklik yoxdur" - o deyib.
Aprelin 22-də Polşa prezidenti Anjey Duda "Fakt" qəzetinə müsahibəsində deyib ki, lazım gələrsə, Varşava NATO-nun nüvə başlıqlarını yerləşdirməyə hazırdır. O, qeyd edib ki, bu məsələni ABŞ-dan olan tərəfdaşlarla artıq dəfələrlə müzakirə edib, lakin indiyədək nə Polşa hakimiyyəti, nə də onların NATO üzrə tərəfdaşları tərəfindən heç bir qərar verilməyib.
Polşanın baş naziri Donald Tusk Dudanın bəyanatına cavab olaraq, bu cür məsələlərin hökumətin səlahiyyətində olduğunu qeyd edib və onun bu cür səs-küylü bəyanatının motivlərini aydınlaşdırmaq üçün prezidentlə görüşmək istədiyini bildirib. Xarici İşlər Nazirliyi bildirib ki, hazırkı Nazirlər Kabinetində bu mövzunun müzakirəsi planlaşdırılmır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ nüvə silahı dərhal Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının diqqətini çəkəcək və Polşa ərazisində yerləşdiriləcəyi təqdirdə hərbi planlaşdırmada nəzərə alınacaq.
Nüvə Paylaşımı ABŞ-ın nüvə arsenalını Avropada yerləşdirmək və saxlamaq üçün NATO-ya üzv dövlətlərin proqramıdır. Nüvə silahına malik olmayan ölkələrin onları öz ərazilərində yerləşdirə və bu sahə ilə bağlı təlimlərdə iştirak edə bilməsini nəzərdə tutur.