İQTİSADİYYAT

Pensiyanın bir növündən başqa növünə keçid elektron qaydada olacaq

Sahil Babayev deyib ki, yeni qanun layihəsi sosial ədalət prinsipinin qorunması və vətəndaşların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur.
Sputnik
BAKI, 22 may — Sputnik. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi üzrə qaydalar müəyyənləşir.
Bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə görə, əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçiriləcək.
Qanun layihəsi qəbul olunduğu təqdirdə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər nəticəsində pensiyanın bir növündən başqa növünə keçid elektron qaydada təmin ediləcək və bu da ildə 6-7 min vətəndaşı əhatə edəcək. Yeni qanun layihəsi sosial ədalət prinsipinin qorunması və vətəndaşların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur.
O bildirib ki, əgər vətəndaşın eyni anda iki hüququ yaranarsa, məsələn, həm ailə başçısını itirməyə görə, həm də yaşa görə pensiya almaq hüququ olursa, mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız onun yazılı müraciətindən sonra baş verə bilər.
"Vətəndaş desə ki, yaşa görə verilən pensiyanı yox, ailə başçısını itirməyə görə verilən pensiyanı istəyir, bu zaman müraciət edir və onun hüququ təmin edilir. Biz də ən yüksək pensiya hansıdırsa, onu təyin edəcəyik. Bəzən heç onların məlumatı da olmur ki, onların iki hüququ var. Vətəndaşın məlumatı olmasa da, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişiklə bunu elektron qaydada təmin edəcəyik", nazir bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
Əmək pensiyasının növləri
Əmək pensiyasının aşağıdakı növləri var:
-yaşa görə əmək pensiyası;
-əlilliyə görə əmək pensiyası;
-ailə başçısını itirməyə görə əmək pensiyası.