CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda zəlzələdən sığorta sistemi yaradılmalıdır - deputat

Vüqar Bayramov bildirib ki, yeni sığorta məhsulunun hazırlanması praktiki yanaşmalarla yanaşı elmi baxış da tələb edir.
Sputnik
BAKI, 22 may — Sputnik. "Azərbaycanda zəlzələ ilə bağlı riskləri sığortalamaq üçün yeni sığorta məhsulunun hazırlanmasına ehtiyac var".
Bunu deputat Vüqar Bayramov Bakıda keçirilən katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi konfransında bildirib.
"Yeni sığorta məhsulunun hazırlanması praktiki yanaşmalarla yanaşı elmi baxış da tələb edir. Burada yalnız sığorta şirkətləri deyil, elmi cəmiyyətin də sintezi yeni modelin hazırlanmasına və ölkədə tətbiq edilməsinə gətirib çıxara bilər. Maliyyə sisteminin dayanıqlığı baxımından yeni sığorta modelinin hazırlanması vacibdir. Ona görə də maliyyə bazarları və maliyyə sisteminin qorunması üçün belə bir məhsulun hazırlanması önəmlidir", o qeyd edib.
Bayramov qeyd edib ki, bu, çox uzun zaman alacaq, amma bir yerdən başlamağa ehtiyac var:
"Qanunvericilikdə bu məqam nəzərə alınmalıdır, Milli Məclisdə müzakirə edilməlidir. Hazırki qanunvericilik mövcud sığorta məhsulları ilə yanaşı yeni sığorta məhsulunun hazırlanmasını qadağan etmir. Həm iş adamlarının, həm insanların, həm də digər sektorun nümayəndələrinin bu fikrə müsbət yanaşacağını düşünürəm".