BAKI, 21 may — Sputnik. "İnsan alveri ilə mübarizə müstəqillik dövrümüzün son 30 illik hüquq-mühafizə siyasəti, o cümlədən insan hüquq və azadlıqlarının qorunmasına yönələn dövlət kursunun ən mühüm nailiyyətidir. Şuşa və bütün azad torpaqlara 32 il sonra ilk sakinlərin qayıtdığı bir vaxtda Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun sayca 19-cu məlumatını müzakirə edir. İnsan alveri ilə mübarizə sahəsində son 20 ildə keçilən şərəfli yol, Prezident İlham Əliyevin xalqımıza rəhbərliyi dövrünü özündə əks etdirməklə dövlətçiliyimizin möhkəmləndirilməsini, milli hüquq sisteminin təkmilləşdirilməsini, eləcə də də müstəqillik illərində ardıcıl inkişaf edən daxili işlər orqanlarının peşəkar fəaliyyətini obyektiv qiymətləndirməyə imkanı verir".
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mayın 21-də parlamentin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, qlobal köləlik üzrə 2023-cü ilin hesabatında göstərilir ki, hazırda dünyada 50 milyon insan müasir köləlik şəraitində yaşayır, onlardan təqribən 28 milyonu icbari əməyə, 22 milyonu isə məcburi nikaha cəlb edilib. Bu göstərici üzrə Azərbaycan 192 dövlət arasında müsbət mənada 22-ci yerdədir. Ölkəmiz “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür.
O qeyd edib ki, ötən il Milli Fəaliyyət Planının icrası çərçivəsində 293 erkən evliliyin qarşısının alınması hamımız üçün mühüm siqnaldır:
"Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gəlib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşaq olub. Təsəvvür edin, özü uşaqkən ana olan belə övladları fiziki və psixoloji zorakılığa cəlb edən valideynlər, tərəf müqabilləri və ənənələr istismarçı kimi ən ağır cəzaya layiqdilər".
Qeyd edək ki, Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirəyə çıxarılıb.
Məlumatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.