BAKI, 21 may — Sputnik. "Bir sıra qanunlarda dəyişikliklər edilərək cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə olan cinayətlərin yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi ağırlaşdırıcı hal kimi müəyyən edilib, uşaqların cinsi istismarı ilə bağlı cinayətlərə görə cəzalar sərtləşdirilib".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.
Milli Koordinator bildirib ki, həmin əməllərdə şübhəli bilinən və ya belə cinayətə görə məhkum olunmuşlar isə məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər siyahısına daxil edilib:
"Yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə də cinayət tərkibinin əməli kimi müəyyənləşdirilib, bu cür məqsədlərlə uşaqların təqib edilməsinə görə qanunvericiliyə cinayət məsuliyyətini nəzərdə tutan müddəalar əlavə edilib".
Qeyd edək ki, Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirəyə çıxarılıb.
Məlumatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib.
O qeyd edib ki, insan alveri sahəsində kriminogen durum 2023-cü ildə də nəzarətdə saxlanılıb, bu cinayətin beynəlxalq təhlükəsizliyə ciddi təhdid olaraq qalması, dünyаnın əksər ölkələrində bаş vеrən silаhlı münаqişələrin cоğrаfiyаsının genişlənməsi, ucuz işçi qüvvəsinə оlаn tələbаtın аrtmаsı və s. amillər nəzərə alınaraq profilaktik iş, cinayət təqibi, qurbanların müdafiəsi, əməkdaşlıq və tərəfdaşlıq istiqamətləri üzrə fəaliyyət məqsədyönlü surətdə davam etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.