QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
Sputnik
BAKI, 21 may — Sputnik. Tərtər rayonunda mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, 2024-cü il 21 may tarixində Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.
1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
Xatırladaq ki, azad olunan ərazilərdə mayın 13-19-da 11 tank əleyhinə mina, 24 piyada əleyhinə mina, 16 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilib.
Məlumata əsasən 308.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.