BAKI, 21 may — Sputnik. Regionun tranzit potensialının inkişafı və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi çərçivəsində Azərbaycan tam gücü ilə daha bir infrastruktur kompleksini - Astara terminalını istifadəyə verib.
Terminalın modernləşdirilməsi çərçivəsində yük meydançası yenidən qurulub, gömrük nəzarəti təşkil edilib. Terminalın yük anbarı müasir standartlara uyğun təmir edilib, təhlükəsiz və dayanıqlı fəaliyyət üçün lazımi avadanlıqla təchiz edilib.
Belə ki, 5,5 hektar ərazidə yerləşən terminalda Dövlət Gömrük Komitəsi ilə birgə gömrük məntəqəsi yaradılıb, yüksəksürətli internet xətti çəkilib, zəruri avadanlıq və kompüterlər quraşdırılıb. Terminalda ekspeditor şirkətlərə yeni xidmətlər paketi - multimodal daşıma xidmətləri göstərilir.
Terminalın əsas üstünlüklərindən biri yükgöndərənlərə qəbul edilmiş yüklərin daşınması və yenidən yüklənməsi üçün güzəştli tariflərin tətbiq edilməsidir. İlkin hesablamalara görə, Astara terminalının istifadəyə verilməsi bu ilin sonunadək Şimal-Cənub marşrutu üzrə tranzit yükdaşımalarını 10-15% artıracaq.
Hazırda qəbul edilən yüklər arasında əsas payı ümumi dövriyyənin, təxminən 40%-ni təşkil edən ağac məhsulları tutur. Taxıl və taxıl məhsulları 35% göstərici ilə qəbul edilən ikinci yük növüdür.
Astara terminalı
© Azerbaijan Railways CJSC
Bununla yanaşı, "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, bu ilin yanvar-aprel aylarında QSC-nin tranzit yükdaşımaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq 2,5 milyon tona çatıb. Eyni dövrdə Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi ötən ilin dörd ayı ilə müqayisədə 29% artaraq 260 min ton təşkil edib.
Astaradakı terminal Şimal-Cənub layihəsinə nə verəcək?
Xəzər Strateji Araşdırmalar İnstitutunun eksperti Aleksandr Karavayev deyir ki, Astara terminalının işə salınması Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşıma parametrlərini iki aspektdə yaxşılaşdıracaq.
Birinci aspekt, ilk növbədə, Azərbaycan və İran arasında hazırda davam edən, lakin bir sıra səbəblərə görə müəyyən məhdudiyyətlərlə, tariflər və yüklərin uzun müddət yoxlanılması ilə bağlı olan ticarətdir.
"Yük axınının bir hissəsinin dəmir yoluna ötürülməsi, xüsusən də konteyner yüklərinin dəmir yolu ilə keçidinin sürətləndirilməsini nəzərdə tutan terminal İran və Azərbaycan arasında yük dövriyyəsini müəyyən qədər sürətləndirəcək", - Karavayev "Sputnik Azərbaycan"a bildirib.
Aleksandr Karavayev, rusiyalı politoloq
© Photo : RFE/RL
İkinci aspekt İran və Rusiya arasında yükdaşımalarda Astara terminalının tranzit rolu ilə birbaşa bağlıdır.
Ekspertin sözlərinə görə, hazırda Rusiya Federasiyası ilə İran arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində əsas daşınan məhsul çeşidi taxta-şalban, o cümlədən taxıldır.
"Astaradakı terminal, əslində, bizə Şimal-Cənub dəhlizi ilə artıq bu marşrutla daşınan və bu kateqoriyadan olan yüklərin daşınmasını on faiz artırmağa imkan verəcək" - Karavayev hesab edir.
Astara terminalı
© Azerbaijan Railways CJSC
Şimal-Cənub BND üzrə düzgün hərəkət ardıcıllığı
İqtisadçı ekspertin sözlərinə görə, tikintisinə bu il başlanması planlaşdırılan Rəşt-Astara dəmir yolu hissəsinin açılışı üçün Astara terminalının artıq hazır olması çox vacibdir.
"Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsinə qədər bu terminalın hazır olması düzgün hərəkət ardıcıllığını yaradır, çünki yüklərin daşınması ilə bağlı infrastruktur magistralın özündən tez hazır olarsa, bu, yük axınının daha sürətli artmasına imkan verəcək. Məsələn, əgər Astara terminalı Rəşt-Astara hissəsinin istismara verilməsi ilə bağlı olsaydı, bu, çətinlik yaradardı, ona görə də bu halda hər şey düzgün edilib", - Karavayev vurğulayıb.
O hesab edir ki, yaxın 3-4 il ərzində, yəni Şimal-Cənub BND-nin qərb seqmentinin Rəşt-Astara hissəsinin açılışı ilə Astara terminalı genişləndirmənin ikinci mərhələsini alacaq, o zaman əlavə kateqoriyalı yüklər - məsələn, gübrələr nəqliyyat dəhlizi boyunca hərəkət edəcəklər.
Ekspertin fikrincə, Astara terminalı istifadəyə verildikdən sonra konteynerlərdə məhsul çeşidinə uyğun böyük həcmdə müxtəlif yüklərin cəlb edilməsi mümkün olacaq.
"Konteynerlərin inkişafı bu dəhlizlə daşınmalı olan əsas yüklərin ilk üçlüyünə daxil edilməlidir. Astara terminalının açılması taxıl və taxta-şalbanın konteyner daşınmasının inkişafına kömək edəcək", - ekspert əlavə edib.
Bundan əlavə, Karavayev hesab edir ki, Astara terminalının istifadəyə verilməsi Pakistan və Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin inkişafına imkan yaradacaq. Yəni Pakistan Şimal-Cənub layihəsində terminalın mövcudluğundan aktiv istifadə edəcək ölkələrdən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.