CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsan alveri sahəsində kriminogen durum ötən il də nəzarətdə saxlanılıb - Seyfulla Əzimov

Daxili işlər nazirinin birinci müavini ötən il insan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 159 cinayətin qeydə alındığını vurğulayıb.
Sputnik
BAKI, 21 may — Sputnik. Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirəyə çıxarılıb.
Məlumatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib.
Seyfulla Əzimov ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizmin yaradıldığını, İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət planlarının uğurla icra edildiyini söyləyib. O, illik məlumatın Ağır Cinayətlər məhkəmələrinin, Baş Prokurorluğun, Ombudsman Aparatının, beynəlxalq təsisatların, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Daxili İşlər Nazirliyinin struktur qurumlarının müvafiq sahə üzrə Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin yerinə yetirilməsinin və apardıqları monitorinqlərin nəticələri, təhlilləri nəzərə alınmaqla hazırlandığını deyib.
Qeyd edilib ki, məlumatda insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş, qarşıda duran vəzifələr kimi istiqamətlərdə görülən işlər öz əksini tapıb.
Seyfulla Əzimov
Bildirilib ki, hesabat dövründə insan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın icraçı qurumlarının siyahısı dəqiqləşdirilib, normativ hüquqi aktlara uyğunlaşdırmalar aparılıb. Bununla yanaşı, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”na əsasən İnsan alveri qurbanları üçün Yardım Mərkəzinin yaradılması, xüsusi müəssisədə insan alveri qurbanlarının dərman preparatları ilə təmin edilməsi, təxirəsalınmaz tibbi və psixoloji yardımın göstərilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin funksiyalarına aid edilib. Həmçinin, Nazirlər Kabinetinin 2023-cü il 16 may tarixli Qərarı ilə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiqlənib.
O da qeyd edilib ki, insan alverinin qarşısının alınması barədə metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanması və yayımlanması, həmin cinayətlərin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə dözümsüzlük mühitinin yaradılması, bu işə vətəndaş cəmiyyəti institutlarının və media subyektlərinin cəlb edilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib.
Belə ki, Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış 14000 maarifləndirici buklet aidiyyəti dövlət orqanlarına göndərilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3000 nüsxədə hazırlanmış “İnsan alverinin qurbanı olma” bukleti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “İnsan alveri-Uşaq alveri ilə mübarizə” mövzusunda 1000 ədəd məlumat kitabçası paylanılıb, sosial şəbəkələrdə məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib. Səhiyyə Nazirliyi tərəfindən “İnsan alveri problemi və onun profilaktikası” məzmununda metodik vəsait hazırlanıb, “Sağlam uşaq” internet portalında maarifləndirici materiallar yerləşdirilib. Ombudsman Aparatı tərəfindən “Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi” adlı maarifləndirici vəsait və “Uşaq Hüquqları Konvensiyası” elektron kitabı ictimaiyyətə təqdim edilib.
Nəzərə çatdırılıb ki, ötən il insan alveri və məcburi əməklə mübarizədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, məlumat mübadiləsi, ölkəmizin mövqeyinin qorunması sahəsində də önəmli addımlar atılıb. Bu istiqamətdə beynəlxalq təşkilatların insan alverinə qarşı mübarizəyə dair tövsiyə və sorğuları cavablandırılıb, insаn аlvеrinə qarşı mübarizədə mütərəqqi bеynəlхаlq təcrübənin öyrənilməsi məqsədilə xüsusi polis qurumunun əməkdaşları müxtəlif xarici təşkilatlar tərəfindən həyata kеçirilən layihələrdə fəal iştirak ediblər.
S.Əzimov insan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 159, məcburi əməklə bağlı 3, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 cinayətin qeydə alındığını vurğulayıb. Bildirilib ki, hesabat dövründə insan alveri və məcburi əmək cinayətləri ilə bağlı 16 cinayət işi başlanıb və 18 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. 11 cinayət işinin istintaqı tamamlanaraq 14 şəxs məhkəmə məsuliyyətinə təqdim edilib, insan alverçilərinin 10-u barəsində ittiham hökmü çıxarılıb. Həmçinin, qeyd olunub ki, insan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə saxlanılıb.
O qeyd edib ki, insan alveri sahəsində kriminogen durum 2023-cü ildə də nəzarətdə saxlanılıb, bu cinayətin beynəlxalq təhlükəsizliyə ciddi təhdid olaraq qalması, dünyаnın əksər ölkələrində bаş vеrən silаhlı münаqişələrin cоğrаfiyаsının genişlənməsi, ucuz işçi qüvvəsinə оlаn tələbаtın аrtmаsı və s. amillər nəzərə alınaraq profilaktik iş, cinayət təqibi, qurbanların müdafiəsi, əməkdaşlıq və tərəfdaşlıq istiqamətləri üzrə fəaliyyət məqsədyönlü surətdə davam etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.