BAKI, 21 may — Sputnik. Türkiyədə çevrilişlərdən istifadə imkanları "keçmişdə qalıb". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hüquq-mühafizə orqanlarında hakimiyyətə qarşı çevriliş cəhdləri ilə bağlı xəbərlər fonunda deyib.
"Ədalət sülhün açarıdır. Ədalət anlayışı nə qədər güclü olarsa, cəmiyyət də özünü bir o qədər təhlükəsiz hiss edər. Milli iradəni gücləndirmək üçün apardığımız mübarizədə ölkəmizdəki çevriliş ənənəsi ilə də hesablaşdıq. Çevrilişçilər müstəqil Türkiyə məhkəmələrində cəzasız qalmadı FETÖ-nün son xainini məhkəmə qarşısına çıxarana qədər onları təqib edəcəyik" - Ərdoğan deyib.
Onun sözlərinə görə, hökumət və məhkəmə heç vaxt demokratiyaya uzanan əlləri qırmaqdan çəkinməyib.
"Yenə də tərəddüd etməyək. Sülhü təmin etmək vəzifəsi olanların çevriliş üçün şərait yetişənə qədər gözlədikləri dövrlər keçmişdə qaldı" - Ərdoğan bildirib.
Bundan əvvəl Ərdoğan mümkün çevrilişə cəhd xəbərdarlığından sonra kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə fövqəladə iclas keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.