NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın xam neft ixracı niyə azalır - Hansı ölkələrə "qara qızıl" satırıq?

Ekspert bildirib ki, ölkəmizdə neft layihələrinin əsas operatoru olan BP şirkəti həm də Azərbaycan Dövlət Neft Şirkəti hasilatın sabitləşməsi üçün iş aparır. Müxtəlif təkliflər müzakirə olunur, yeni neft yataqları ilə bağlı danışıqlar aparılır.
Sputnik
BAKI, 21 may — Sputnik. Azərbaycanın xam neft vә xam neft mәhsullarının ixracında azalma müşahidə edilir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 4,3 milyard dollar dəyərində 6,9 milyon ton xam neft vә xam neft mәhsulları ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə xam neft vә xam neft mәhsullarının ixracı dəyər ifadəsində 23,6 faiz, miqdar ifadəsində 24,9 faiz azalıb.
Bəs, azalmanın səbəbi nədir?
Azalma ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, xam neft ixracında azalma gözlənilən idi, çünki Azərbaycan neft hasilatının azalma dövrünü yaşayır: "Təxminən son 2 ildir hasilatın azalması baş verir. Hasilat azaldıqca neftin ixracında da həcm olaraq azalma müşahidə edirik. Bundan əlavə, Azərbaycan "OPEC plyus" anlaşması çərçivəsində hasilatın azaldılması ilə bağlı öhdəlik də götürüb. Ümumilikdə obyektiv olaraq ölkədə hasilat azalır".
"Əsas hədəf hasilatın sabitləşməsinə nail olmaqdır"
O bildirib ki, ölkəmizdə neft layihələrinin əsas operatoru olan BP şirkəti, həm də Azərbaycan Dövlət Neft Şirkəti hasilatın sabitləşməsi üçün iş aparır: "Müxtəlif təkliflər müzakirə olunur, yeni neft yataqları ilə bağlı danışıqlar aparılır. Yəni əsas hədəf hasilatın azalmasını dayandırmaq, müəyyən mərhələdə hasilatın sabitləşməsinə nail olmaqdır. Amma obyektiv olaraq hasilatın azadılması prosesi gedir və ehtimal ki, bu ilin sonunadək azalmanı görə bilərik".
"Hasilat azaldıqca valyuta gəlirləri də azalır" - ekspert əlavə edib.
"Neft hasilatı ortamüddətli dövrdə stabilləşəcək"
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, xam neftin ixracının azalmasının səbəbi hasilatın aşağı düşməsidir: "Son illərdə Azərbaycanın neft hasilatı azalır. Amma əsas hədəf hasilatın stabilləşdirilməsidir. Ümumiyyətlə, neft hasilatı çoxdan öz pik dövrlərini keçib. Lakin hasilatın azalması dayanacaq, neft hasilatı ortamüddətli dövrdə stabilləşəcək".
Ekspertin fikrincə, hasilatın azalması iqtisadiyyat üçün problem yaratmayacaq.
BP şirkəti: "Azəri-Çıraq-Günəşli"də hasilatın kəskin azalmasının qarşısının alınması proqramı hazırlana bilər
Qeyd edək ki, bir müddət öncə BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib ki, bu ilin sonuna kimi Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda (AÇG) hasilatın kəskin azalmasının qarşısının alınması proqramı hazırlana bilər.
Onun sözlərinə görə, AÇG-də hasilatın azalması tempinin yavaşlaması və stabilləşdirilməsi məsələsi çoxdandır müzakirə obyektidir: "AÇG-də hasilatın azalması gözlənilirdi. Lakin bu proses nəzərdə tutulandan daha yüksək olub. Ümumilikdə, yəqin ki, 2024-cü il ərzində müəyyən bir proqram hazırlanacaq ki, hasilatın kəskin azalmasının qarşısı alınsın".
"Bu ilin 4 ayında neft hasilatının 5,5 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin payına düşüb"
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 5,5 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin payına düşüb.
Azərbaycan ən çox hansı ölkələrə xam neft ixrac edib?
Onu da əlavə edək ki, 2024-cü ilin ilk 4 ayında Azərbaycan xam neftinin ixrac edildiyi ölkələr məlum olub.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 19 ölkəyə 4,3 milyard dollar dəyərində 6,9 milyon ton xam neft ixrac olunub.
İtaliya Azərbaycanın neft ixracında birinci yerdə qərarlaşıb. Belə ki, hesabat dövründə Azərbaycan İtaliyaya 1,5 milyard dollar dəyərində xam neft ixrac edib.
Azərbaycanın neft ixracında ikinci yerdə İsrail gəlir. Hesabat dövründə bu ölkəyə 621 milyon dollarlıq xam neft satılıb.
Azərbaycanın neft ixracında üçüncü yeri Hindistan tutur. Bu ölkəyə 512 milyon dollar dəyərində xam neft ixrac edilib.
Ölkəmizin ümumi neft ixracında dördüncü və beşinci yerləri Almaniya və Çexiya tutur. Azərbaycandan Almaniyaya 294 milyon dollar dəyərində, Çexiyaya 272 milyon dollar dəyərində xam neft ixrac edilib.
Azərbaycanın neft ixracında sonrakı yerlərdə Rumıniya, Tailand, Tunis, Portuqaliya, Xorvatiya, Türkiyә və digər ölkələr gəlir.
Beləliklə, Azərbaycanın ən çox xam neft ixrac etdiyi ilk 5 ölkə aşağıdakılardır:
- İtaliya,
- İsrail
- Hindistan
- Almaniya
- Çexiya.