Azərbaycanda metroloji tələblərin pozulması üzrə statistika açıqlanıb
Nəzarət tədbirləri zamanı 25 615 ölçü cihazından 19 018-da nöqsanlar aşkar edilib.
SputnikBAKI, 21 may — Sputnik. "Ölkə iqtisadiyyatının müasir inkişafı, sahibkarlıq sahələrinin kəmiyyətinin və məzmunun genişlənməsi keyfiyyətli metroloji xidmətləri tələb edir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Milli Metrologiya Forumu"nda çıxış edərkən deyib.
Onun sözlərinə görə, iqtisadiyyatın inkişafı fonunda sahibkarlıq subyektlərinin, müəssisələrinin metroloji ehtiyaclarının qarşılanması hazırda metrologiya sahəsinin başlıca vəzifəsi kimi çıxış edir.
Nazir müavini əlavə edib ki, müasir dövrdə bazara rəqabətə davamlı məhsul təqdim etmək həm də keyfiyyətin təmin edilməsi ilə mümkündür. Daxili və xarici bazarın keyfiyyətli məhsullarla təmin olunmasında, rentabelliyin və rəqabətə davamlılığın artırılmasında , ticarətdə texniki maneələrin aradan qaldırılmasında və iqtisadiyyatın inkişaf etdirilməsində metrologiyanın rolu mühümdür:
"Effektiv keyfiyyət strategiyasının həyata keçirilməsi üçün sahibkarlar 3 istiqamətdə konkret işlər yerinə yetirməlidirlər. Keyfiyyətin yaxşılaşdırılmasının müasir proqramının yaradılmasında məqsəd bazardakı rəqiblər arasında məmulatının keyfiyyətinin səviyyəsinin birinciliyinə nail olmalı, keyfiyyətin artırılması tədbirləri sistemli olaraq, marketinq istehsal və növbəti xidmətlər istiqamətində yerinə yetirilməlidir. Əldə edilmiş nəticələrin iki istiqamətdə daimi qiymətləndirilməsi və istehlakçıların keyfiyyətli məhsulla təmin olunma dərəcəsinin təyini və bu təmin olunmanın tam dəyərinin hesablanması aparılmalıdır. Yalnız metrologiya sahəsində inkişaf və metroloji tələblərə dəqiq əməl olunma həm yerli, həm də beynəlxalq mal və xidmətlər bazarının diktə etdiyi yüksək tempə və rəqabət qabiliyyətli səviyyəyə dözməyə imkan verəcək".
S.Bəşirli qeyd edib ki, ölkəmizdə sahibkarlıq subyektləri tərəfindən müxtəlif ölçmə vasitələrinin istifadəsi və zəruri olan sənaye texnologiyasının tətbiqi istehsalatın uğurlu inkişafına şərait yaradır. Avtomatlaşdırılmış istehsalın yaradılması zamanı ölçmə vasitələrinin rolu xüsusən artır. Müəyyən ediımiş metroloji norma və qaydalara riayət edilmə bugün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır.
Daha sonra çıxış edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli keyfiyyət infrastrukturunun inkişafının təmin edilməsi ilk növbədə rəqabətə öz təsirini göstərdiyini vurğulayıb. Bildirib ki, bazarda məhsul və xidmətlərin qiymətlə keyfiyyətinin mütənasibliyi istehlakçıları daha keyfiyyətli, müxtəlif çeşidlərdə və innovativ məhsullarla təmin etmə imkanı yaradır, iqtisadi səmərəliliyin artırılmasına müsbət təsir göstərir. O, həmçinin vurğulayıb ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"inin reallaşdırılması istiqamətində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Bu prosesdə keyfiyyət sahəsinin tənzimlənməsi və inkişafı da mühüm rol oynayır:
"Hazırda keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarların, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilib. Bu sahəyə aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən istifadənin sürətlə genişləndiyini qeyd edə bilərik".
M.Abbasbəylinin sözlərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsas məqsədi güclü və dayanıqlı rəqabət mühiti formalaşdıraraq sahibkar-istehlakçı münasibətlərini tənzimləmək, əhaliyə keyfiyyətli məhsul və xidmətlərin təqdim olunmasını təmin etmək, inhisarçılığın qarşısını almaq və fəaliyyət istiqamətləri üzrə şəffaflığı və operativliyi təmin etməklə ölkə iqtisadiyyatının gücləndirilməsidir. Xidmətin fəaliyyət istiqamətlərinə metroloji nəzarət daxildir. Dövlət metroloji nəzarətin əsas məqsədi iqtisadiyyatın müxtəlif sektorlarında aparılan ölçmələrin qeyri-dəqiq nəticələrinin insanların həyatı və sağlamlığına, dövlətin iqtisadi maraqlarına təhlükə ehtimallarının minimuma endirilməsindən ibarətdir".
M.Abbasbəyli əlavə edib ki, keyfiyyət infrastrukturunun formalaşdırılması istiqamətində Dövlət Xidmətinin tabeliyində AZMİ, AZSTAND, AZAK və İMEM fəaliyyət göstərirlər.
Dövlət Xidmətinin tabeliyində olan qurumlar vasitəsilə ölçmələrin vəhdətinin təmin edilməsi, yüksək dəqiqlik sinfinə malik olan kəmiyyət vahidi etalonlarının və ölçmə vasitələrinin kalibrlənməsi, həmçinin ölkədə istehsal olunan və ya idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının, tikinti materiallarının və s. sınaqlarının aparılması akkreditasiya və standartlaşdırma işləri həyata keçirilir. Ölkəmizdə keyfiyyət infrastrukturunun vacib ünsürü kimi metroloji xidmətlərin əldə edilməsi biznes mühiti üçün çox vacibdir. Beynəlxalq təcrübənin öyrənilməsi və yeniliklərin tətbiq olunması istiqamətində Azərbaycan Metrologiya İnstitutu ilə Türkiyə, Almaniya, Çexiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və bir sıra digər ölkələrin metrologiya sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlıq əlaqələri formalaşdırılıb.
Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində TÜBİTAK UME ilə aparılan danışıqların nəticəsi olaraq ölkəmizdə birinci mərhələdə inşaat, nəqliyyat, hərbi sənaye, səhiyyə və istehsal sahələrinə xidmət edəcək 12 milli etalon laboratoriyaların yaradılması məqsədəmüvafiq hesab edilib. "2022-2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyası"nın Tədbirlər Planında AzMİ-də dövrün sonuna yeni yaradılan laboratoriyaların sayının 20-yə çatdırılması nəzərdə tutulub.
Tədbirdə Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumlarının adları da açıqlanıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev "Milli Metrologiya Forum"unda çıxışında bildirilib ki, Azərbaycanda 2023-2024-cü illərdə 201 dövlət idarə və müəssisələrində metroloji nəzarət tədbirləri aparılıb. Bu illərdə ən çox dövlət metroloji nəzarət tədbirləri "Bakı Metropoliteni" QSC-də aparılıb. Bu qurumda yoxlanılan 6 713 cihaz və avadanlıqların hamısında nöqsan aşkar edilib.
Bundan başqa, "AzərEnerji" ASC-də aparılan 5 578 cihaz və avadanlıqların 3 911-də, "Azərbaycan Dəmir Yolları" ASC-də 3 618 yoxlanılan cihaz və avadanlıqların 3 481-də nöqsan aşkarlanıb.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yoxlanılan 639 cihaz və avadanlığın 250-də nöqsan aşkarlanıb.
Hesabat dövründə Kənd Təsərrüfatı Nazirliyində yoxlanılan 544 cihaz və avadanlığın hamısında, "Azərsu" ASC-də yoxlanılan 538 cihaz və avadanlığın 127-də, "Azərbaycan Hava Yolları" QSC-də yoxlanılan 375 cihaz və avadanlığın 231-də nöqsan aşkarlanıb. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində əhalinin müayinəsi üçün istifadə edilən 2937 cihazından 1615-də nöqsan aşkarlanıb.
Onun sözlərinə görə, onların 156-da metroloji tələblərin pozulması faktı aşkar edilib:
"Eyni zamanda bu nəzarət tədbirləri zamanı 25 615 ölçü cihaz və avadanlıqların nəzarətə cəlb edilməsi təmin edilib. Nəzarət tədbirləri zamanı 19 018 cihazda nöqsanlar aşkar edilib ki, bu da, 74,2%-ni təşkil edir."
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.