BAKI, 21 may — Sputnik. "Son vaxtlar bir sıra dələduz muxtəlif adlar altında vətəndaşları, əsas da imtahan iştirakçılarını aldatmağa cəhd göstərir". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu məlumatı təhsil eksperti Elçin Əfəndi yayıb.
O, bildirib ki, dələduzlar abituriyentlərə imtahan suallarını verəcəklərini, imtahan ballarına müdaxilə edərək artıracaqlarını, imtahana buraxılış vərəqində istədiyi yerdə əyləşə bilməsi üçün sıra və yeri dəyişə biləcəyini və s. vədlərini verərək öncədən pul tələb edirlər.
"Təəssüf ki, bəzi sadəlövh vətəndaşlar qurulan bur tora düşürlər və anlayanda onlar üçün gec olur. Nəzərinizə çatdırım ki, Dövlət İmtahan Mərkəzi xüsusi dövlət mühafizəsindədir. Ən ciddi qorunan obyektlədən biridir. Kibertəhlükəsizlik yüksək səviyyədədir. Hər hansı kənar müdaxilə mümkün deyil. Ona görə də vətəndaşlar diqqətli olmalıdır. Dələduzlardan uzaq durmağa çağırıram".
O, bunu əks etdirən teleqram yazışmalarını da öz sosial şəbəkə hesabında yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.