BAKI, 20 may — Sputnik. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində əldə olunmuş razılığa müvafiq olaraq Ermənistanın Tavuş vilayətinin Kirants kəndi ərazisində sonuncu üç ədəd sərhəd dirəyinin quraşdırılması başa çatıb.
Bu barədə erməni telegram kanallarında məlumat yerləşdirilib. Bildirilib ki, artıq Ermənistan sərhədçiləri ərazidə xidmətə başlayıblar.
Eyni zamanda, Ermənistan polisi Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası haqqında razılaşmaya etiraz əlaməti olaraq Kirants kəndinə daxil olmaq istəyən sakinləri əraziyə buraxmayıb.
Baş verən toqquşma nəticəsində polis onlara müqavimət göstərən vətəndaşlardan bir neçəsini saxlayıb.
Xatırladaq ki, mayın 15-də Azərbaycanla Ermənistan arasında keçirilmiş görüşdə 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.