BÖLGƏ

Gürcü siyasətçilərə qarşı sanksiya tətbiq ediləcək - media

Qanun layihəsində xüsusilə qeyd olunur ki, Gürcüstan ABŞ və digər Qərb təşkilatlarına demokratiyanı təbliğ etdiyinə görə açıq şəkildə hücum edib.
Sputnik
BAKI, 20 may — Sputnik. ABŞ Konqresi xarici agentlər haqqında qanunun təşviqinə cavabdeh olan gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi təqdim edəcək. Bu barədə "Politico" qəzeti yazıb.
"Gürcüstanda xarici agentlər haqqında qanunun təşviqinə cavabdeh olan məmurlar yeni qanun layihəsinə əsasən aktivlərin dondurulması və səyahət qadağaları ilə üzləşə bilər", - nəşr bildirib.
Qanun layihəsində xüsusilə qeyd olunur ki, Gürcüstan ABŞ və digər Qərb təşkilatlarına demokratiyanı təbliğ etdiyinə görə açıq şəkildə hücum edib. Bu ölkə eyni zamanda Rusiya ilə eləcə də Çinlə əlaqələri gücləndirmək istəyirdi".
Nəşrin məlumatına görə, qanun layihəsi dövlət məmurlarına, hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin nümayəndələrinə qarşı sanksiyaları nəzərdə tutur.
Mənbənin sözlərinə görə, onun mətni bir neçə ay əvvəl hazırlanıb. Qeyd olunur ki, konqresmen Co Vilson qanun layihəsini mayın 20-də təqdim edəcək.
Mayın 14-də Gürcüstan parlamenti etirazlara baxmayaraq, "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü və yekun oxunuşda qəbul edib. Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də xarici agentlər haqqında qanuna veto qoyub və onu konstitusiyaya zidd adlandırıb. Prezidentin vetosunu ləğv etmək üçün parlamentin sadə səs çoxluğu lazımdır. Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, prezidentin təqdim etdiyi əsaslandırılmış fikirlər məqbul olarsa, parlament vetonu dəstəkləyə bilər. Zurabişvili, eyni zamanda, sənədə heç bir dəyişiklik təklif etməmək qərarına gəlib və qeyd edib ki, bu qanun əlavə və ya təkmilləşdirməyə ehtiyac yoxdur, o, qəti şəkildə ləğv edilməlidir.
Apreldə hakim Gürcü Arzusu Partiyası xarici agentlər haqqında qanun layihəsini yenidən parlamentə təqdim edib. "Xarici təsirin şəffaflığı haqqında" adlı layihədə "xarici təsir agenti" ifadəsi əvəzinə "xarici dövlətin maraqlarını güdən təşkilat" ifadəsi işlədilir . Layihə ilə bağlı parlament prosedurları bir ay ərzində etiraz aksiyaları ilə müşayiət olundu, polis bu mitinqləri dağıtdı və fəalları saxladı.
Qanun gəlirlərinin 20%-dən çoxunu xaricdən əldə edən qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin qeydiyyatını nəzərdə tutur. Qanun "xarici qüvvələrin maraqlarını təşviq edən təşkilat" hesab edilən hər kəsin dövlət reyestrində qeydiyyatdan keçməsini tələb edir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək, həmçinin bəyannamə doldurmaq lazımdır. Qeydiyyatdan və ya bəyannamə doldurmaqdan imtina 25 min lari (təxminən 9,5 min dollar) məbləğində cərimə ilə cəzalandırılacaq. ABŞ-da uzun illərdir ki, xarici agentlərin qeydiyyatı haqqında qanun qüvvədə olsa da, bu layihənin əleyhdarları qanunvericiliyə xarici agent anlayışının daxil edilməsi ilə əlaqədar onu Rusiya qanunvericiliyinin analoqu adlandırırlar. Yeniliyin əleyhdarları iddia edirlər ki, ABŞ və Gürcüstan qanunları arasındakı əsas fərq ondan ibarətdir ki, ABŞ qanununun məqsədi onların düşmənlərinin fəaliyyətinə nəzarət etməkdir, Gürcüstan qanunları isə guya bu ölkənin dostlarına qarşı yönəlib.
Gürcüstan hakimiyyəti iddia edir ki, qanun bütün əsas hüquqi prinsiplərə tam uyğundur və qeyri-hökumət təşkilatlarının və əlaqəli KİV-lərin maliyyə vəsaitlərinin illik açıqlanması məqsədinə xidmət edir.