BAKI, 20 may - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.
Bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, bu acı gündə Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə həmrəydir:
"Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi. Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Azərbaycanla ümumi sərhəddə bənd açıldıqdan sonra prezident Rəisinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətindəki Xoda Afarin bölgəsindən qayıdarkən göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.