BAKI, 19 may - Sputnik. ABŞ İran prezidenti və xarici işlər nazirini daşıyan helikopterin sərt enişi ilə bağlı xəbərləri diqqətlə izləyir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı deyib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Avropa İttifaqı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanı daşıyan helikopterin sərt eniş etməsi barədə xəbərləri diqqətlə izləyir.
"Göyərtəsində İran Prezidenti və xarici işlər nazirinin olduğu helikopterin gözlənilmədən eniş etmək məcburiyyətində qaldığı və onların vəziyyətinin hələ aydın olmadığı barədə xəbərləri diqqətlə izləyirik" - paylaşımda qeyd edilir.
İRNA agentliyinin məlumatına görə, içində İran Prezidenti Seyid İbrahim Rəisinin olduğu helikopter Azərbaycanla sərhəd yaxınlığındakı Verzeqan şəhəri yaxınlığında təcili eniş edib.
Onun göyərtəsində Ayətullah Rəisi, Təbrizin imam cüməsi Ali-Haşim, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa siyasi xadim də olub.
Xatırladaq ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.