BÖLGƏ

Erməni qubernator sərhəddə divar çəkiləcəyini deyir

Görüşün nəticələrinə əsasən, görüşdə iştirak edən sakinlər bildiriblər ki, hakimiyyətin mövqeyi dəyişməyib, delimitasiya aparılmalıdır.
Sputnik
BAKI, 17 may — Sputnik. Ermənistanın Kirants kəndinin sakinləri delimitasiya komissiyasının kəndin torpaqlarının bir hissəsinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı qərarı fonunda Ermənistandan Gürcüstana gedən dövlətlərarası avtomobil yolunun bağlanan hissəsini açıblar.
Kənd sakinlərindən birinin Sputnik Ermənistan-a verdiyi məlumata görə, bu barədə qərar Tavuş vilayətinin qubernatoru Hayk Qalumyanla görüşdən sonra verilib.
Dünən polisin post qurduğu kəndə gedən yol da açıılıb.
Qubernator səhər saatlarında Kirants məktəbində bir qrup kənd sakini ilə görüşüb. Görüşün nəticələrinə əsasən, görüşdə iştirak edən sakinlər bildiriblər ki, hakimiyyətin mövqeyi dəyişməyib, delimitasiya aparılmalıdır.
"Qubernator dedi ki, heç nə dəyişməyəcək, yəni iki ev, torpaq sahəsi, keçən il tikilmiş 100 milyon dram (təxminən 259 min dollar) dəyərindəki nasos stansiyası Azərbaycanın nəzarətinə keçəcək", - kənd sakini bildirib.
O qeyd edib ki, qubernator onları sakit olmağa çağırıb, sərhəddə divar çəkiləcəyini və dəymiş ziyanın ödəniləcəyini bildirib. Lakin kənd sakinləri Sünik rayonunun Şurnux kəndi ilə bənzətmələr apararaq, bu açıqlamalara inamsızlıqla yanaşırlar.
Xatırladaq ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.